Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Məzunlarla iş və karyera mərkəzinin təşkilatçılığı ilə aviasiya sektorunda rəqəmsallaşma, data idarəçiliyi və rəqəmsal məhsulların yaradılması mövzularına həsr olunan “Avia Talks” görüşlər seriyasının ikinci tədbiri keçirilib.
“Tehsil365” xəbər verir ki, aviasiya sahəsinə maraq göstərən tələbələri sektorun peşəkarları ilə bir araya gətirən görüşün əsas məqsədi iştirakçıları aviasiyada rəqəmsal proseslər, məlumatların idarə olunması və bu istiqamətdə mövcud karyera imkanları ilə tanış etmək olub.
Tədbirdə spiker qismində Rəqəmsal Kommersiya İdarəsinin rəisi Vasif Məmmədov və Müştəri Əlaqələri və Məlumatların İdarəedilməsi İdarəsinin rəisi Vüsalə İsayeva çıxış ediblər.
Görüş zamanı spikerlər aviasiya sektorunda rəqəmsal məhsulların yaradılması, məlumatların toplanması və təhlili, data əsaslı qərarların qəbul edilməsi, eləcə də bu istiqamətdə fəaliyyət göstərən komandaların iş prinsipləri haqqında ətraflı məlumat veriblər.
Təqdimatlar zamanı real layihə nümunələri əsasında rəqəmsal texnologiyaların aviasiya sahəsində tətbiqi, müştəri təcrübəsinin təkmilləşdirilməsi və rəqəmsal kommersiya proseslərinin idarə olunması məsələlərinə toxunulub.
İnteraktiv formatda davam edən görüşdə tələbələr spikerlərə birbaşa suallar ünvanlayaraq aviasiyanın rəqəmsal istiqamətində tələb olunan peşəkar bacarıqlar, müvafiq sahələrdə iş imkanları və karyera perspektivləri barədə ətraflı məlumat əldə ediblər.
Qeyd edək ki, “Avia Talks” aviasiya sektorunun peşəkarları ilə tələbələr arasında bilik və təcrübə mübadiləsini təşviq edən görüşlər seriyasıdır. Layihənin əsas məqsədi gənclərin aviasiya sahəsi haqqında məlumatlılığını artırmaq, onları sektorun real iş mühiti ilə tanış etmək və gələcək karyera seçimlərinə dəstək göstərməkdir.

