Zəfər Günü ərəfəsində Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “Çağırışaqədərki hazırlıq və mülki müdafiə” kafedrasının müdiri, dosent Valeh Əlixanovun müəllifi olduğu “Vətən müharibəsinin şəhid idmançıları” adlı monoqrafiyanın təqdimatı keçirilib.
“Tehsil365” xəbər verir ki, Universitetin rektoru Elbrus İsayevin elmi redaktorluğu ilə nəşr olunan kitabın təqdimat mərasimində universitetin rəhbər heyəti, professor-müəllimlər və şəhid ailələrinin üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edən sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor, filologiya üzrə fəlsəfə doktoru, dosent Nicat Yaqubov iştirakçıları Zəfər Günü münasibətilə təbrik edərək 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin xalqımızın birliyi, Azərbaycan Ordusunun gücü və qəhrəmanlığı, şəhidlərimizin fədakarlığı sayəsində tarixə yazıldığını bildirib. Nicat Yaqubov müqəddəs Vətən müharibəsində idmançıların da xüsusi şücaət göstərdiyini vurğulayıb. Qeyd edib ki, vaxtilə idman arenalarında Azərbaycanı təmsil edən, ölkəmizin uğurları naminə mübarizə aparan gənclər Vətənin müdafiəsi zamanı da eyni əzmkarlıq və qətiyyət nümayiş etdiriblər. Prorektor universitetin rektoru Elbrus İsayevin adından monoqrafiyanın müəllifi Valeh Əlixanovu nəşrin işıq üzü görməsi münasibətilə təbrik edərək ona gələcək elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayıb.
Tədbirdə Pedaqoji fakültənin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vəli Əliyev, “Pedaqogika və psixologiya” kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Taleh Xəlilov, “Çağırışaqədərki hazırlıq və mülki müdafiə” kafedrasının müəllimi Lalə Talıbova və digər çıxışçılar monoqrafiyanın tarixi yaddaşın qorunması, şəhidlərin tanıdılması və gənclərin vətənpərvərlik tərbiyəsi baxımından əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, “Vətən müharibəsinin şəhid idmançıları” monoqrafiyası yalnız bioqrafik məlumatlar toplusu deyil, həm də qəhrəmanlıq tariximizin yaşadılmasına xidmət edən dəyərli tədqiqat əsəridir. Kitabda şəhidlərin ömür yolu, idman fəaliyyəti, mənəvi keyfiyyətləri, ailələrinə, xalqına və Vətəninə bağlılığı əksini tapıb. Əsərin gənc nəslin milli-mənəvi dəyərlər, vətənpərvərlik və dövlətə sədaqət ruhunda tərbiyəsində mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Qeyd olunub ki, üç fəsildən ibarət monoqrafiyada milli mübarizə tarixindən, Birinci və İkinci Qarabağ müharibələrində şəhid olmuş idmançıların həyat və döyüş yolundan bəhs edilir. Bildirilib ki, Birinci Qarabağ müharibəsində 24, İkinci Qarabağ müharibəsində isə 54 idmançı şəhid olub.
Naxçıvan Dövlət Universitetinin şəhid məzunu, leytenant Bəşir Mehdiyevin atası Yusif Mehdiyev çıxışında universitetdə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. Şəhidlərin xatirəsinin yaşadılmasına xidmət edən bu cür nəşrlərin əhəmiyyətini vurğulayan Yusif Mehdiyev kitabın ərsəyə gəlməsini dəyərli təşəbbüs kimi qiymətləndirib.
Monoqrafiyanın müəllifi Valeh Əlixanov kitabın ərsəyə gəlməsinə göstərilən dəstəyə və təqdimat mərasiminin təşkilinə görə universitet rəhbərliyinə minnətdarlığını bildirib. O, müəllifi olduğu monoqrafiyanı şəhid Bəşir Mehdiyevin atası Yusif Mehdiyevə hədiyyə edib.
Sonda Valeh Əlixanova gül dəstələri və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, şəhidlərin həyat və qəhrəmanlıq yolunu əks etdirən bu cür nəşrlər milli yaddaşın qorunmasına, Zəfər tariximizin gələcək nəsillərə çatdırılmasına və gənclərin vətənpərvərlik ruhunda yetişməsinə mühüm töhfə verir.

