Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən, Elm və Təhsil Nazirliyinin (ETN) tabeliyində fəaliyyət göstərən TKTA tərəfindən həyata keçirilir.
TKTA-dan “Tehsil365”ə verilən məlumata görə, sözügedən qaydaların 6.2-ci bəndinə əsasən, müəllimlik, mühəndislik və hüquqşünaslıq ixtisasları üzrə ərizəçilərin Dövlət İmtahan Mərkəzinin (DIM) təşkil etdiyi imtahandan müvəffəqiyyətlə keçməsi (keçid balını toplaması) tələb olunur.
Oktyabrın 6-da DIM tərəfindən rəqəmsal formatda keçirilən növbəti imtahanda iştirak üçün 305 nəfər müraciətçi qeydiyyatdan keçib və onlardan 271-i imtahanda iştirak edib. İxtisas üzrə müvəffəqiyyət göstəricisi 54% (148 nəfər) təşkil edib. İxtisaslar üzrə iştirak edən və keçid balını toplayan namizədlərin statistikasına nəzər saldıqda, müraciət sayına uyğun olaraq ən çox imtina cavabı “Hüquqşünaslıq” ixtisası üzrə olub.
“Hüquqşünaslıq” ixtisası üzrə imtahanda iştirak edən 106 nəfərdən yalnız 35-i uğurlu nəticə əldə edib. Uğursuz nəticə göstərən diplom sahibləri əsasən 2 ölkənin ali təhsil müəssisələrinin məzunlarıdır. “Hüquqşünaslıq” ixtisası üzrə Rusiyanın ali təhsil müəssisələrindən alınmış kvalifikasiyalarla tanınma üçün müraciət edən namizədlərin 70%-i, Ukrayna ali təhsil müəssisələrindən məzun olanların isə 63%-i müvafiq imtahanda müvəffəqiyyət qazana bilməyib.