Nəriman Nərimanovun 155 illiyinə həsr olunmuş tədbir keçirilib.
"Tehsil365" xəbər verir ki, 10 aprel 2025-ci il tarixində Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında görkəmli ictimai-siyasi və dövlət xadimi, həkim, yazıçı, publisist Nəriman Nərimanovun 155 illik yubileyinə həsr olunmuş “N.Nərimanov: milli ruh və siyasi təfəkkürün vəhdəti” adlı tədbir keçirilib.
Tədbirdə Tarix Muzeyinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhman Kərimov, tənqidçi, ədəbiyyatşünas, AYB-in Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangir, Azərbaycan Təbabəti Muzeylərinin direktoru Sevinc Maniyeva, filologiya üzrə fəlsəfə doktoru, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi işçisi Nəcibə Bağırzadə, N.Nərimanovun xatirə muzeyinin direktoru və əməkdaşları, Cəlil Məmmədqulizadənin ev-muzeyinin direktoru, AMEA-nın Folklor İnstitutunun tələbələri, AMK nəzdində İncəsənət Gimnaziyasının müəllim və şagird heyəti, eləcə də kitabxana işçiləri iştirak ediblər.
Tədbirdə Nəriman Nərimanovun həyat və çoxcəhətli fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub, onun ictimai-siyasi və ədəbi irsi ilə bağlı maraqlı çıxışlar dinlənilib. Sonda İncəsənət Gimnaziyasının tələbəsinin tarda ifa etdiyi musiqi tədbirə xüsusi rəng qatıb.