Gəncə Dövlət Universitetində (GDU) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr edilmiş bədii yaradıcılıq festivalının baxış müsabiqəsi keçirilib.
“Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki, Elm və Təhsil Nazirliyinin əmri və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyətinin qərarı ilə hər il gənclər arasında keçirilən müsabiqə-festivalın məqsədi ali təhsil müəssisələrinin tələbələrini vətənpərvər, mədəniyyətimizə, tariximizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda yetişdirmək, istedadlı gəncləri üzə çıxarmaq və onların qabiliyyətlərinin inkişafına dəstək olmaqdır.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müşaviri Pərvanə İsmayılova, Elm və Təhsil Nazirliyinin Uşaq və gənclərin inkişafı şöbəsinin müdiri Elnur Əliyev, Respublika Komitəsinin Mədəni, kütləvi və idman işləri şöbəsinin baş mütəxəssisi Rüstəm Nəzirov, şöbənin aparıcı mütəxəssisi Aygün Əliyeva, festivalın münsiflər heyətinin sədri, Xalq artisti Mübariz Tağıyev, münsiflər heyətinin üzvləri –Xalq artisti Gülyanaq Məmmədova, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Xalq artisti Təranə Muradova, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, Əməkdar İncəsənət xadimi, yekun konsertin quruluşçu rejissoru Hafiz Quliyev, Qarabağ Universitetinin İncəsənət fakültəsinin İnstrumental ifaçılıq və musiqi müəllimliyi kafedrasının müdiri Arslan Növrəsli baxış müsabiqəsində iştirak ediblər.
Müsabiqədə universitet tələbələrinin vokal və instrumental, xor ifaçılığı, bədii qiraət və aşıq havalarını, xalq mahnılarını ifa etmə bacarıqları dinlənilib.
Münsiflər heyəti tələbələrin təqdim etdiyi çıxışları yüksək qiymətləndiriblər.
Yaradıcılıq festivalının baxış müsabiqəsində istedadı ilə seçilən tələbələr Bakıda keçiriləcək yekun konsertdə iştirak etmək hüququ qazanıblar.