Lənkəranda bir məktəbin bir neçə şagirdinin aprelin 20-də ümumi orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanında iştirak edə bilməməsi ilə bağlı səslənən məlumatlara rəsmi münasibət bildirilib.
Lənkəran-Astara Regional Təhsil İdarəsindən “Tehsil365"ə verilən məlumata görə, aprelin 20-də Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında Lənkəran rayonu N.Aslanov adına Ləj kənd tam orta məktəbinin 21 şagirdi iştirak edib: “5 nəfərin isə imtahanda iştirak üçün tələb olunan arayışları imtahanın başlama saatından bir qədər gec imtahan rəhbərinə təqdim olunduğundan şagirdlər prosesdə iştirak edə bilməyiblər. Məktəblilərin may ayının 11-də keçirilməsi nəzərdə tutulan imtahanda iştirakı üçün DİM-in Lənkəran Regional Bölməsinə müraciət olunub”.