Daşkənd Dövlət Nəqliyyat Universitetinin Fəlsəfə kafedrasının müdiri fəlsəfə elmləri doktoru Jumaniyaz Ramatov Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin ”Fəlsəfə” ixtisasında təhsil alan III kurs tələbələrinə “Fəlsəfi antropologiyanın aktual problemləri” mövzusunda ustad dərsi keçib.
BDU-dan “Tehsil365”ə bildirilib ki, Jumaniyaz Ramatov çıxışında antropologiya problemlərinin mühüm idraki-qnoseoloji, metodoloji əhəmiyyət kəsb etdiyini deyib. Bildirib ki, insan sosial sistemlərin əsas komponenti, ictimai münasibətlərin daşıyıcısı, cəmiyyətin başlıca məhsuldar qüvvəsi, tarixi prosesin subyekti və hərəkətverici qüvvəsi və digər kontekstlərdə tədqiq olunur. Fəlsəfi antropologiya insanın cəmiyyətlə olan əlaqələrini fəlsəfi baxımdan araşdıran bir elm sahəsi kimi çoxsaylı aktual problem və sualları gündəmə gətirir. O, fəlsəfi antropologiyada mövcud olan insanın fərdiyyəti və təbiəti məsələsi, azad iradə və determinizm, mədəniyyət və cəmiyyətin insanın təbiətinə təsiri, insanın mənəvi və əxlaqi təbiəti, insan və texnologiyanın əlaqəsi, insanın mövcudluğu və həyatının mənası, həmçinin sosial-mədəni mühitin insanın formalaşmasındakı rolunu qeyd edib.