ADA İbtidai Məktəbi Beynəlxalq Yer Günü münasibətilə əlamətdar bir təşəbbüsə ev sahibliyi edib. Bu təşəbbüs ADA Universiteti Fondunun (ADAF) uzunmüddətli tərəfdaşlarından biri olan “Təmiz Şəhər” ASC vasitəsilə həyata keçirilib.
Bu barədə “Tehsil365”ə “Təmiz Şəhər” ASC-dən məlumat verilib.
Təşəbbüsün məqsədi məktəblilərdə ətraf mühitə qarşı erkən yaşlardan şüurlu münasibət formalaşdırmaq və ekologiyaya dair ilkin anlayışları sadə və praktik üsullarla aşılamaqdır.
Şagirdlər Yer Gününün mahiyyəti ilə yaxından tanış olaraq bu günün geniş miqyasda niyə və necə qeyd edildiyini öyrəniblər. “Təmiz Şəhər” ASC-nin nümayəndələri tərəfindən keçirilən interaktiv sessiyalarda tullantıların düzgün idarə olunması, çeşidlənməsi və təkrar emal prosesi barədə məlumat verilib. Bu mövzuya dair ekoloji tarazlığa təsir edən əsas nüanslar videoçarxlar və oyunlar vasitəsilə əyani şəkildə təqdim olunub.
Maarifləndirici sessiyadan sonra öyrənilən biliyi praktikaya çevirmək, bu yolla qazanılan təcrübəni daha da yaddaqalan etmək və ekoloji məsuliyyət hissini dərindən anlamaq üçün şagirdlər məktəbin ərazisində ağac əkməyə dəvət edilib. Onlar “Təmiz Şəhər” ASC-nin “Bizimlə böyüyən ağac” layihəsinə qoşularaq ağac tingləri əkiblər. Bu mərhələ ADA İbtidai Məktəbi şagirdlərinin təbiətə real töhfə vermək istəklərini göstərən simvolik bir addım olub. Hər bir şagird əkdiyi ağaca təhsil müddəti ərzində özü qulluq edəcək və onunla birgə böyüyəcək.
ADA İbtidai Məktəbində təbiət və ətraf mühitlə bağlı fənlərin tədrisinə xüsusi önəm verilir. Bu istiqamət Məktəbin təhsil fəlsəfəsinin ayrılmaz hissəsidir. Şagirdlər məktəbin geniş yaşıllıq ərazisində bitkilər əkir, onlara qulluq edir və təbiəti canlı şəkildə müşahidə edərək öyrənirlər.
ADA Universiteti Fondu da öz növbəsində “Təmiz Şəhər” ASC-də daxil olmaqla, müxtəlif tərəfdaşları ilə birgə bu kimi layihələrin sayını artıraraq sosial məsuliyyət kimi dəyərlərin aşılanmasına dəstək göstərməyə davam edəcək.