Aprelin 23-də Bakı Slavyan Universitetində (BSU) “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Suverenlik və Konstitusiya hüquqları” mövzusunda dəyirmi masa təşkil olunub. Tədbirdə BSU-nun rektoru Anar Nağıyev, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev, Milli Məclisin deputatı Aydın Mirzəzadə və Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev iştirak ediblər.
"Tehsil365" xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Açılış nitqində rektor Anar Nağıyev Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən 2024-cü ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunduğunu qeyd edib. Rektor, 1995-ci ildə qəbul edilən Konstitusiyanın Azərbaycanın suverenliyinin və dövlətçiliyinin əsasını təşkil etdiyini vurğulayıb.
O, həmçinin BSU-nun bu il ərzində müxtəlif elmi-praktik tədbirlər, araşdırmalar və beynəlxalq konfranslara ev sahibliyi etdiyini bildirib. Qərbi Azərbaycan tədqiqatlarına həsr olunan konfrans, şagirdlərlə keçirilən görüşlər və beynəlxalq maarifləndirici tədbirlərin də bu istiqamətdə mühüm əhəmiyyət daşıdığını qeyd edib. Rektor yaxın günlərdə Albaniyada və Bolqarıstanda universitet tərəfdaşları ilə keçiriləcək tədbirlər barədə də məlumat verib.
Tədbirdə çıxış edən Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev Konstitusiyanın tarixi inkişafı və suverenliyin hüquqi əsasları haqqında danışıb. Milli Məclisin deputatı Aydın Mirzəzadə isə Konstitusiyanın qəbulunun siyasi əhəmiyyətinə toxunaraq BSU-nun ideoloji mərkəz kimi rolunu xüsusi vurğulayıb. Əliməmməd Nuriyev isə çıxışında əsas qanunun dövlətin sabitliyi və hüquqi cəmiyyətin qurulmasındakı rolunu önə çəkib.
Dəyirmi masa BSU-nun İctimai elmlər kafedrasının müdiri Habil Məmmədovun moderatorluğu ilə baş tutub. Kafedranın dosenti Sadir Məmmədov da çıxış edərək Azərbaycan Respublikası Konstitusiyasının hüquqi sistemimizin təməlini təşkil etdiyini və suverenliyin əsas qarantı olduğunu qeyd edib.
Tədbir iştirakçıların müzakirələri ilə davam edib.