2022–2024-cü illərdə Xəzər Universitetində Azərbaycan dili ixtisası üzrə magistr təhsili almış, hazırda isə Pekin Xarici Dillər Universitetində Azərbaycan dili müəllimi kimi fəaliyyət göstərən çinli tədqiqatçılar – əsl adları Siyuan Wang və Yuxuan Tang olan, Azərbaycanda isə Vaqif və Tamella kimi tanınan gənclər Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində Xəzər TV və İctimai TV-yə müsahibə veriblər.
"Tehsil365" xəbər verir ki, onlar müsahibələri zamanı bildirdilər ki, Çində Azərbaycan dilinin tədrisi və tədqiqi ilə məşğul olurlar. Gənc alimlər bu fəaliyyətin Azərbaycan və Çin arasında elmi, mədəni və iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyinə inandıqlarını vurğulayaraq, bu istiqamətdə səylə çalışacaqlarını qeyd ediblər.