Təhsil 365 - Logo Mobile

Milli Kitabxanada “Xalq rəssamı Əzim Əzimzadə - 145” adlı kitab sərgisi açılıb

9706.05.2025 - 10:25
Milli Kitabxanada “Xalq rəssamı Əzim Əzimzadə - 145” adlı kitab sərgisi açılıb

Milli Kitabxanada Azərbaycanın ilk Xalq rəssamı, karikatura sənətinin banisi Əzim Əzimzadənin anadan olmasının 145 illiyi münasibətilə “Xalq rəssamı Əzim Əzimzadə - 145” adlı kitab sərgisi açılıb.

Kitabxanadan “Tehsil365”ə bildirilib ki, sərgidə görkəmli rəssamın karikaturaları, həyat və yaradıcılığı haqqında Azərbaycan, rus və xarici dillərdə olan ədəbiyyatlar, eləcə də dövri mətbuat məqalələri nümayiş olunur.

Xatırladaq ki, Əzim Aslan oğlu Əzimzadə 1880-ci il mayın 7-də Novxanı kəndində anadan olub. Rəssam ilk təhsilini Novxanıdakı molla məktəbində alıb, ailəsinin etirazlarına baxmayaraq, rus-tatar məktəbində təhsilini davam etdirib.

Yaradıcılığı boyu əsrlərdən bəri formalaşan Təbriz-Azərbaycan miniatür məktəbinin və rus rəssamlıq məktəbinin ənənələrindən bəhrələnib və məşhur "Molla Nəsrəddin" jurnalında öz əsərlərini dərc etdirib. "Molla Nəsrəddin", "Baraban", "Zənbur", "Tuti" və s. jurnalların səhifələrində satirik qrafik karikaturalarını nəşr etdirməklə Azərbaycan satirik qrafikasının, Mirzə Ələkbər Sabirin "Hophopnamə"sinə çəkdiyi illüstrasiyalarla isə kitab qrafikası sənətinin əsasını qoyub.

1914-cü ildən 1922-ci ilə qədər Əzim Əzimzadə Sabirin şeirlərinə 55 illüstrasiya çəkib. Bir faktı da demək kifayətdir ki, unudulmaz rəssamımızın "Molla Nəsrəddin" jurnalında 1922-ci ildən 1931-ci ilə qədər 1200-dən çox karikaturası çap edilib. O, teatrlara geyim eskizləri və dekorasiyalar çəkib.

Əsərləri dünyanın bir sıra muzeylərində nümayiş etdirilən rəssamın ilk fərdi sərgisi 1940-cı ildə təşkil olunub. 1967-ci ildə rəssamın həyat və yaradıcılığına həsr olunmuş “Əzim Əzimzadə” adlı film çəkilib. İncəsənət Kolleci və Bakı küçələrindən birinə onun adı verilib. Yaşadığı evdə rəssamın ev-muzeyi açılıb, evin yaxınlığındakı bağda büstü qoyulub.

Elmina Muxtarlı

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35