Bakı Dövlət Universitetinin (BDU) elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov Macarıstanın paytaxtı Budapeşt şəhərində Obuda Universitetinin təşkilatçılığı ilə keçirilmiş Türk Dövlətlərinin Akademik Konfransında iştirak edib.
BDU-dan “Tehsil365”ə bildirilib ki, Azərbaycan, Türkiyə, Macarıstan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın universitetlərinin nümayəndələrinin iştirak etdiyi konfransda elmi tədqiqatların dəstəklənməsi üçün türk dövlətlərinin birgə fondunun, tədqiqat, təqaüd imkanlarının yaradılması, qabaqcıl tədqiqatçılar üçün düşərgələrin təşkili, mədəniyyətlərarası əlaqələrin gücləndirilməsi, ali təhsil müəssisələri arasında tələbə mübadiləsinin təşviq edilməsi, o cümlədən akademik sahədə yeni əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.
Tədbirin açılış mərasimində Macarıstanın mədəniyyət və innovasiya naziri Balazs Hanko, Obuda Universitetinin rektoru Levente Kovacs, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev (onlayn), Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfirləri çıxış ediblər.
Konfrans çərçivəsində Obuda Universiteti, Mirzə Uluqbəy adına Özbəkistan Milli Universiteti, Qazax Milli Su Menecmenti və İrriqasiya Universiteti, Daşkənd Dövlət Texniki Universiteti, Şeçeni İstvan Universiteti, Daşkənd Kimya Texnologiyaları İnstitutunun nümayəndələri ilə görüş keçirilib, elm-təhsil əlaqələrinin inkişaf etdirilməsi, təhsilin magistratura və doktorantura səviyyələri üzrə ikili diplom proqramlarının hazırlanması üzrə müzakirələr aparılıb və ilkin razılıq əldə edilib.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti ölkəmizin Macarıstandakı səfiri Tahir Tağızadə ilə də görüşüb. Səfir nümayəndə heyətinə Azərbaycan ilə Macarıstan arasında elm, təhsil və mədəni əlaqələr haqqında ətraflı məlumat verib. Görüşdə iki ölkə universitetləri arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi, birgə proqram və elmi layihələrin hazırlanması, tələbə-müəllim mübadiləsinin aparılması üzrə fikir mübadiləsi aparılıb.