İyulun 1-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İctimai Elmlər Bölməsinin Elmi şurasının növbəti iclası keçirilib. Tədbirdə işğal dövründə erməni vandalizminə məruz qalmış Şahbulaq arxeoloji kompleksinin yenidən tədqiqinə dair məruzə dinlənilib.
“Tehsil365 “xəbər verir ki, iclası AMEA-nın vitse-prezidenti, bölmənin Elmi şurasının sədri akademik Gövhər Baxşəliyeva açaraq iştirakçıları salamlayıb və Şahbulaq kompleksinin tədqiqatlarının mədəni irsin bərpası, tarixi həqiqətlərin üzə çıxarılması və beynəlxalq ictimaiyyətə obyektiv məlumatların çatdırılması baxımından böyük əhəmiyyətini vurğulayıb.
AMEA Arxeologiya və Antropologiya İnstitutunun Şahbulaq ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Təvəkkül Əliyev “Şahbulaq antik və orta əsr şəhər yerində arxeoloji tədqiqatlar” mövzusunda geniş məruzə ilə çıxış edib. O, 30 ildən çox işğal altında qalmış Ağdam rayonundakı Şahbulaq kompleksinin erməni vandallığı nəticəsində ciddi ziyan gördüyünü, saxtalaşdırma cəhdlərinin aparıldığını bildirib. AMEA-nın və Dövlət Turizm Agentliyinin birgə dəstəyi ilə 2023-cü ilin sentyabrından başlayan sistemli arxeoloji qazıntılar zamanı zəngin keramik nümunələr, erkən orta əsrlərə aid memarlıq qalıqları və digər dəyərli tapıntılar aşkar edilib.
Təvəkkül Əliyev, həmçinin Şahbulaq qalasının girişində, eləcə də yaxın ərazilərdə aparılan qazıntılarda müxtəlif dövrlərə aid zəngin arxeoloji materialların üzə çıxarıldığını diqqətə çatdırıb. Qeyd olunub ki, ermənilərin işğal dövründə apardığı qanunsuz qazıntılar nəticəsində bir çox abidələr zərər görüb, tarixi yerlərin talan edilməsi müşahidə olunub.
İclasa qonaq qismində qatılan Şimali Kipr Türk Respublikasının Arkın Yaradıcı Sənətlər və Dizayn Universitetinin professoru Latife Summerer, eləcə də AMEA-nın digər alimləri tədqiqatların əhəmiyyətini yüksək qiymətləndiriblər. Müzakirələr zamanı işğal dövründə Şahbulaq ərazisində həyata keçirilən saxtakarlıqların beynəlxalq ictimaiyyəti çaşdırmağa yönələn dezinformasiya kampaniyalarının bir hissəsi olduğu və postmüharibə dövründə aparılan elmi tədqiqatların bu yalanların ifşasında mühüm rol oynadığı qeyd olunub.
Tədbir iştirakçıları Şahbulaq arxeoloji kompleksində gələcəkdə daha geniş və sistemli tədqiqatların aparılmasının vacibliyini vurğulayıblar.