Bu gün – 4 iyul tarixində Qarabağ Universitetinin rektoru, iqtisad üzrə fəlsəfə doktoru Şahin Bayramovun doğum günüdür. O, 1979-cu il 4 iyulda Mingəçevir şəhərində anadan olub.
“Tehsil365” xəbər verir ki, Şahin Bayramov 2012-ci ildə "Avropa İttifaqının Qonşuluq Siyasəti və Azərbaycanın iqtisadi məkanına inteqrasiyası problemləri" mövzusunda dissertasiya müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
O, 2015-ci ilin sonunda ABŞ-ın Nyu York şəhərində keçirilən “İcraçılar üçün Qabaqcıl Liderlik Proqramı”nda iştirak edib və burada liderlik, strateji idarəetmə, kommunikasiya və böhran şəraitində qərar qəbuletmə kimi sahələr üzrə intensiv təlimlər keçib. Şahin Bayramov tədbirdə Avropadan qatılan yeganə nümayəndə olub.
2016-cı ilin fevralında ABŞ-nin Mayami şəhərində keçirilən IUNC North America 2016 beynəlxalq konfransında, eləcə də həmin ilin mayında Kornell Universitetində baş tutan III Beynəlmiləlləşmə Simpoziumunda iştirak edib. Həmçinin, ABŞ Dövlət Departamentinin Hubert H. Humphrey Təqaüd Proqramının qalibi kimi 2015-2016-cı illərdə ABŞ-də təhsil alıb və professional inkişaf proqramını uğurla başa vurub.
Peşəkar fəaliyyəti ərzində Şahin Bayramov Azərbaycan Dövlət İqtisad Universitetində prorektor, daha sonra Təhsil Nazirliyində Elm, ali və orta-ixtisas təhsili şöbəsinin müdir müavini vəzifələrində çalışıb.
O, 31 iyul 2019-cu ildə Prezident sərəncamı ilə Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilib və bu vəzifəni 20 may 2024-cü ilə qədər icra edib.
20 may 2024-cü il tarixində isə Prezidentin digər sərəncamı ilə Qarabağ Universitetinin rektoru təyin olunub.
Təhsil ictimaiyyəti arasında peşəkarlığı, təşəbbüskarlığı və liderlik keyfiyyətləri ilə tanınan Şahin Bayramovu doğum günü münasibətilə təbrik edir, ona uğurlar arzulayırıq!