Təhsilin İnkişafı Fondunun “NEQSOL Holding” ilə birgə tələbə qızlar üçün elan etdiyi “Parla” təqaüd və inkişaf proqramı “Stevie Awards for Great Employers 2025” beynəlxalq mükafatında iki nominasiya üzrə qalib gələrək beynəlxalq səviyyədə tanınıb. Proqram “korporativ sərhədləri aşan təlim təşəbbüsləri” sahəsində “Qızıl”, “Müxtəliflik və inklüzivlik” sahəsində isə “Gümüş” mükafata layiq görülüb.
Təhsilin İnkişafı Fondundan “Tehsil365”ə bildirilib ki, dünyanın aparıcı biznes mükafatlarından biri kimi tanınan “Stevie Awards for Great Employers” hər il müxtəlif ölkələrdən olan təşkilatların insan resursları sahəsindəki uğurları və işçi inkişafı üzrə həyata keçirdikləri proqramları qiymətləndirir. “Parla” proqramının bu mükafata layiq görülməsi proqramın peşəkar inkişaf, bərabər imkanlar və inklüziv yanaşma prinsiplərinə əsaslanan fəaliyyətinin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini göstərir.
“Stevie Awards” mükafatları çərçivəsində əldə olunan bu uğur “Parla” proqramının fəaliyyətini daha da genişləndirmək və təsir dairəsini artırmaq üçün əhəmiyyətli motivasiya mənbəyi olub.
Məlumat üçün bildirək ki, hər il 50 tələbə qız üçün “Parla” təqaüd və inkişaf proqramı həyata keçirilir. 2023-cü ildə 674 müraciət arasından 50 nəfər qalib müəyyən edilib. 12 ay müddətinə 50 nəfər qıza 200 manat məbləğində təqaüd verilib. 50 qalib arasından 5-i şəhid yoldaşıdır. 14 tələbə qız proqramı uğurla tamamlayaraq məzun olub. Həmin tələbələrdən 3-ü “NEQSOL Holding” və şirkətlərində işlə təmin olunublar. 36 qız təqaüd almağa davam edir.
2024-cü il tarixində isə “Parla” təqaüd və inkişaf proqramına yenidən qeydiyyat açıq elan edilib. Proqrama ümumilikdə 791 nəfər müraciət edib, 120 tələbə qız hədəfləri, sosial vəziyyəti, dərsdənkənar fəaliyyətləri, tələbə həyatı ilə bağlı müsahibə olunub. Bütün mərhələlərdən uğurla keçən 50 tələbə qız “Parla” təqaüd və inkişaf proqramının qalibi olub. Beləliklə, sözügedən təqaüd proqramında iştirak edən gənc qızların sayı 86 nəfərə çatıb.