Uşaqların məktəb həyatına sağlam şəkildə başlaya bilməsi üçün onların psixoloji və sosial hazırlığı xüsusi əhəmiyyət kəsb edir. Tehsil365 xəbər verir ki, pedaqoq Aysel Rəsulzadənin sözlərinə görə, məktəbəqədər təhsil alan uşaqlar özlərini ifadə etməkdə, qərar verməkdə və başqaları ilə ünsiyyət qurmaqda daha bacarıqlı olurlar.
“Bu təhsil uşaqlarda özünəinam və müstəqil davranışların formalaşmasına şərait yaradır. Məsələn, məktəbəqədər təhsil alan uşaqlar sıralama, gözləmə, paylaşma, dostluq kimi sosial davranışları daha rahat mənimsəyir. Məktəbə başlayan zaman isə bu bacarıqlar onlara həm akademik, həm də sosial uğur qazandırır,” – deyə mütəxəssis bildirir.
Pedaqoq qeyd edir ki, bu mərhələ həm də uşağın emosional hazırlığını gücləndirir. Onlar mühitə daha tez uyğunlaşır, müəllim və sinif yoldaşları ilə münasibətləri daha asan qurur. “Uşaq artıq qaydaların olduğunu, bu qaydalara əməl etməyin vacibliyini anlayır,” – deyə əlavə edir.
Məktəbəqədər təhsilin bu cür faydaları onu müasir dövrdə daha da vacib və aktual edir.