Ailə həyatı qurmaq hər gəncin arzusu olsa da, erkən yaşda — xüsusilə 18-dən aşağı yaşlarda — nikah bağlamaq həm fərdin, həm də cəmiyyətin gələcəyi üçün böyük risklər daşıyır. Şəxsiyyətinin formalaşmadığı bu həssas dövrdə yeniyetmələrin ailə məsuliyyətlərinə erkən atılması onların təhsilindən yayınmasına, sosial təcridə və psixoloji sarsıntılara səbəb olur. Bu ciddi məsələ ilə bağlı psixoloq Aynur İskəndərova erkən nikahın fəsadlarının qarşısını almaq üçün maarifləndirmə və davamlı dəstəyin vacibliyini vurğulayır:
1. Erkən nikaha girən gənclərin təhsildən yayındıqları hallarda hansı psixoloji səbəblər üstünlük təşkil edir?
—”Erkən nikaha daxil olan gənclər öz kimliklərinin tam fərqində olmadan ailə həyatı qurduqları üçün psixoloji cəhətdən çox zəif olurlar. Onlar qarşılaşdıqları ağır ailə məsuliyyətlərinin öhdəsindən gəlməkdə çətinlik çəkir, özgüvənləri aşağı düşür, emosional stres yaşayır və yaşlarına uyğun olmayan problemlər səbəbindən passivləşirlər. Bu gənclərə özünə inamı bərpa etmək, pozitiv düşüncəni təşviq etmək və streslə mübarizə üsullarını öyrətmək vacibdir.”
2. Gələcəkdə erkən nikah yaşayan gənclərin qarşılaşa biləcəyi əsas sosial və psixoloji problemlər hansılardır?
—”Erkən nikaha daha çox qız uşaqlarının məruz qaldığını nəzərə alsaq, bu problemlərlə üzləşən yeniyetmələrin həll yolu tapması ikiqat çətinləşir. Erkən nikaha dəstək verən ailələr əsasən kənd yerlərində yaşayan, yoxsul, tarixi adət-ənənələrə bağlı olan və qızlarının nə qədər tez ailə qurarsa, o qədər xoşbəxt olacağına inanan şəxslərdir. Bu ailələr qızlarını kiçik yaşlardan təhsilə və karyera qurmağa deyil, yaxşı gəlin və ana olmağa yönləndirirlər. Çox vaxt erkən nikaha daxil olan gəncləri ailələr özləri seçir, və onlar ya bir-birilərini görmür, ya da çox qısa müddətdə tanış olurlar.
Bu səbəbdən, erkən nikaha daxil olan yeniyetmə öz uşaqlığını tam yaşaya bilmir, təhsildən yayınır, gələcək arzularını reallaşdırmaqda ciddi çətinliklərlə üzləşir, ya da vəziyyətlə barışaraq istəklərindən əl çəkir. Sosial mühitdən təcrid olunur, yaşıdlarından uzaq düşür və erkən yaşda ailə qayğıları ilə üzləşir. İstəksiz ana olmaq kimi ağır məsuliyyətin öhdəsindən gəlmək məcburiyyətində qalır. Həmçinin, ailə planlaşdırılması barədə məlumat sahibi olmadığı üçün vaxtından əvvəl və plansız doğulan uşaqların baxımı və tərbiyəsində problemlərlə qarşılaşır. Bu da düzgün tərbiyə olunmayan uşaqların gələcəkdə cəmiyyətə faydadan çox zərər vurmasına səbəb olur.”
3. Gənclər erkən nikahdan qorunmaq və sağlam qərarlar vermək üçün emosional və psixoloji baxımdan necə hazırlanmalıdırlar? Məktəblərdə və valideynlər arasında bu mövzuda maarifləndirmə necə təşkil oluna bilər?
—”Gənclərin gələcək həyata hazırlanması əsasən ailələrin öhdəliyindədir. Ailələr uşaqları necə yönləndirərsə, onlar da gələcəyini elə təsəvvür edir. Maarifləndirmə məktəblərdə psixoloqlar, uşaq birliyi rəhbərləri, dövlət qurumları və QHT-lər tərəfindən aparılmalıdır. Bu işlər tək şəhərlərdə deyil, kənd və bölgələrdə də genişləndirilməlidir. Ailələr erkən nikaha daxil olan gənclərə maddi və mənəvi dəstək verərək, onların fərdi inkişafına yardım etməli, cəmiyyət isə gənc ailələrə mənzil təminatı, iş saatlarının qısaldılması və maddi yardımlar kimi güzəştlər təqdim etməlidir.”
4. Erkən nikaha daxil olan gənclər qarşılaşdıqları problemlərin öhdəsindən necə gəlməlidirlər?
—”Belə gənclər yaşlarına uyğun olmayan ağır problemlərlə üzləşdikləri üçün onları həll etməkdə çətinlik çəkir, özgüvənləri azalır və passivləşirlər. Onlara ilk növbədə özünə inamın artırılması, pozitiv düşüncənin təşviqi və emosional stressin idarə olunması üçün üsullar öyrədilməlidir. Həmçinin, mövcud vəziyyəti düzgün dəyərləndirib, sağlam qərarlar vermək bacarığı aşılanmalı, öz potensiallarını kəşf etmələrinə dəstək olunmalıdır.”
Son olaraq psixoloq qeyd edir ki, —”Yeniyetmə və gənclər tək psixoloji travmalarla deyil, həm də davamlı olaraq ailə dəstəyinə ehtiyac duyurlar. Ailələr maddi və mənəvi dəstək verərək, onların fərdi inkişafı üçün motivasiya olmalıdırlar. Uşaq varsa, onun baxımı və tərbiyəsi üçün düzgün yol göstərməlidirlər. Cəmiyyət isə bu ailələrin özlərini doğrultmaları üçün müəyyən güzəştlər edə bilər. Məsələn, gənc ailələrin mənzil sahibi olması, erkən ana olan və işləyən anaların iş saatlarının azaldılması, maddi yardımların ayrılması kimi təşəbbüslər erkən nikaha daxil olan gənclərin həyatını asanlaşdıra bilər.”