“Tehsil365” ə müsahibəsində xarici dillər üzrə mentor Vüqar Məmmədov yeni dil öyrənmənin effektiv yollarından və motivasiyanın qorunmasından danışıb. O, dil öyrənmədə real həyat təcrübəsi ilə dərsin balanslı birləşməsinin vacibliyini vurğulayaraq, əsas söz bazası və danışıq nümunələri ilə başlamağı tövsiyə edib. Mentor həmçinin, az-az, amma müntəzəm məşqin, kiçik məqsədlər qoyub özünü mükafatlandırmağın motivasiyanı artırdığını bildirib:
1. Sizcə, yeni bir dili öyrənməyin ən effektiv və sürətli üsulu nədir?
—”Mənim fikrimcə, dil öyrənməyin ən sürətli yolu onu həyat tərzinə çevirməkdir. Yəni fikrin dərs kitabında qalmasın, gündəlik həyatında hiss eləməlisən. Telefonunu, sosial şəbəkəni, YouTube izlədiklərini o dilə çevirməlisən. Bir az “real həyat + tədris” kombosu turbo effekt verir. Sadəcə dərsə bağlı qalmaq çox yavaş təsir edir, amma sadəcə “film izləyib öyrənəcəyəm” demək də işə yaramaz. İkisini balanslı saxlayan adam çox tez irəliləyir.”
2. Yeni bir dil öyrənməyə başlayanda ilk olaraq nədən başlamaq lazımdır?
—”Məncə, ilk mərhələdə qrammatikadan başlamaq ən motivasiyanı öldürən şeydir. Ən yaxşısı - əsas söz bazası və danışıq nümunələri ilə başlamaqdır. İnsan əvvəlcə özünü ifadə edə bilsə, sonra qrammatikanı mənimsəmək həm asan, həm də maraqlı olur. Yəni əvvəl “danışa bilmək”, sonra “düzgün danışmaq”.
3. Dil öyrənmək üçün gündə neçə saat məşq etmək ideal hesab olunur?
—”Əslində burada “az-az, amma hər gün” prinsipi işləyir. 15-30 dəqiqə belə olsa, gündəlik etmək çox effektlidir. Amma kimdə vaxt varsa, 1-2 saat ayırmaq idealdır. Yox, “həftədə bir dəfə 5 saat” eləsən, beynin çox hissəsini unudur. Dil öyrənmək idman kimidir - məşqi atanda əzələ boşalır.”
4. Dil öyrənərkən motivasiyanı necə qorumaq olar?
—”Mən həmişə deyirəm: motivasiya bəzən tükənir, amma vərdiş qalır. Ona görə motivasiyaya yox, sisteminə güvən. Özünə kiçik məqsədlər qoy. Bir də özünü kiçik uğurlara görə mükafatlandır. Bu səni uşaq kimi həmişə oyunda saxlayacaq.”
Sonda mentor vurğulayır ki, beyin dili “tanışlıq” və “təkrar” üzərindən mənimsəyir. Əvvəl beynin yeni söz və strukturları tanıyır, sonra təkrar-təkrar gördükcə bunu yadda “möhkəmləndirir”. Ona görə dinləmə və təkrar çox önəmlidir. Bir də beyin kontekstdə öyrənəndə, yəni sözü bir cümlənin, bir vəziyyətin içində görəndə onu həm daha tez, həm daha uzunmüddətli yadda saxlayır. Boş yerə “tərcüməsiz düşünmək” məsləhət görülmür. Zamanla beynin avtomatik o dildə düşünməyə başlayır.