"Tehsil365"in bu dəfəki qonağı təhsil eksperti Rizvan Fikrətoğlu oldu. O, mövcud təhsil modelinin üstünlükləri, çatışmazlıqları və verdiyi imkanlar haqqında danışaraq, ənənəvi məktəb sistemindən kənarda bilik qazanma yolları, ömürlük öyrənmə mədəniyyəti və gənclərin real həyat təcrübələrinin əhəmiyyətinə dair fikirlərini bölüşdü:
Müasir təhsilin məkanı və forması necə dəyişir?
Təhsil eksperti Rizvan Fikrətoğlu bildirir ki, müasir dünyada təhsil anlayışı artıq məktəb binası ilə məhdudlaşmır. İnsanlar yeni bilik və bacarıqları ənənəvi sinif otaqlarından kənarda – onlayn platformalar, Zoom dərsləri, təhsil saytları və beynəlxalq onlayn akademiyalar vasitəsilə əldə edirlər. Hibrid mühitlər – həm fiziki, həm də onlayn dərslərin birləşməsi – xüsusilə dünya universitetlərində geniş yayılıb.
Bundan əlavə, iş yerində praktiki öyrənmə, sosial mediadan bilik əldə etmə, YouTube dərsləri, podkastlar, bloqlar, hətta TikTok-da təlim videoları insanların yeni bacarıqlar qazanmasına şərait yaradır. Fikrətoğlu vurğulayır ki, fərdiləşmiş təhsil, layihə əsaslı öyrənmə, ömür boyu təhsil, mikro-sertifikatlar və nano kurslar müasir dövrdə ən aktual təhsil formatlarıdır:
—"İndi öyrənmək üçün kitabxanaya getmək və ya dərs zəngini gözləmək lazım deyil. Cibimizdəki telefon belə universitet təhsili verə bilər.”
Ekspertə görə, insanların ömür boyu öyrənmə prosesinə qoşulması üçün təhsil həm maraq oyatmalı, həm də asan əldə olunan formatda olmalıdır. Bunun üçün dərslər real həyat nümunələri ilə əlaqələndirilməli, oyun elementləri (bal toplama, səviyyə keçmə, yarışma) əlavə olunmalı və öyrənilən bilik dərhal tətbiq edilə biləcək şəkildə təqdim edilməlidir.
Təhsil eksperti Rizvan Fikrətoğlu bildirir ki, məktəb dərslərindən kənar qazanılan bilik və təcrübələr gənclərin gələcək karyerası və şəxsi inkişafı üçün bəzən ən az nəzəri bilik qədər, hətta ondan da çox əhəmiyyət daşıyır.
Bu cür fəaliyyətlər gənclərə praktiki bacarıqlar, peşəkar əlaqələr (şəbəkə), adaptasiya qabiliyyəti, yaradıcı düşüncə, liderlik və özünəinam qazandırır. Məsələn:
▪︎Praktiki bacarıqlar: “Könüllülük fəaliyyəti, startap layihələri və təcrübə proqramları gəncin əmək bazarına hazırlıqlı şəkildə daxil olmasına şərait yaradır. Bu yolla yalnız nəzəri bilik deyil, real iş prosesinə dair təcrübə də əldə olunur.”
▪︎Şəbəkə qurmaq: “Tədbirlər, layihələr və yarışlarda iştirak gənclərə yeni tanışlıqlar qazandırır. Bu əlaqələr gələcəkdə əməkdaşlıq və iş imkanları yaradaraq karyera yolunu açır.”
▪︎Adaptasiya qabiliyyəti: “Dəyişən mühit və fərqli situasiyalara tez uyğunlaşmaq bacarığı formalaşır ki, bu da müasir iş dünyasında böyük üstünlükdür.”
▪︎Yaradıcı yanaşma: “Dərsdən kənar fəaliyyətlər gənclərə problemlərə yeni baxış bucağından yanaşma və fərqli həll yolları tapmaq vərdişini aşılayır.”
▪︎ Özünəinam və liderlik: “Sosial layihələrdə iştirak, komanda işi, layihə idarəetmə bacarıqları və auditoriya qarşısında çıxış təcrübəsi gənci daha inamlı edir.”
Fikrətoğlu real nümunələrə də toxunur:
“Məsələn, Mark Zukerberq universitetdə oxuyarkən dərs prosesindən kənarda yataqxanada Facebook-u qurdu və bu təşəbbüs qlobal uğura çevrildi. Azərbaycanda isə “ASAN Könüllülər” və “Bir Könüllü” layihələri gənclərə həm bacarıq qazandırır, həm də işə qəbulda üstünlük verir. Digər nümunə olaraq, məktəb illərində proqramlaşdırma üzrə beynəlxalq yarışlarda qalib gələn gənclərin xarici şirkətlərdən iş təklifləri almaları göstərilə bilər.”
Ekspertin fikrincə, dərsliklər nəzəri bünövrədirsə, məktəbdən kənar təcrübələr bu bünövrənin üzərində inşa edilən real həyat binasıdır. İkisi birlikdə güclü olduqda gəncin gələcək uğuru daha təminatlı olur.
Ekspert müasir təhsil üçün optimal tarazlıq modelini belə təqdim edir:
60% – ənənəvi təhsil (möhkəm nəzəri baza)
25% – əlavə kurslar, təlimlər, praktiki ixtisaslaşma
15% – özünütəhsil (yaradıcılıq və fərdi inkişaf)
Fikrətoğluna görə, baza + tətbiq + yaradıcılıq üçlüyü insanın bilik və bacarıqlarını ən effektiv şəkildə inkişaf etdirir:
—”Məktəb mənə təməl verir, kurslar həmin təməl üzərində binanı tikir, özünütəhsil isə o binanı mənə məxsus edir—deyə öz fikirlərini bölüşüb.”