İnklüziv təhsil imkanlarının məhdudluğu bəzi uşaqların məktəbəqədər inkişaf prosesinə mənfi təsir göstərə bilər. Mütəxəssislər xəbərdarlıq edirlər ki, uyğunlaşdırılmamış bağça mühiti fiziki məhdud uşaqların sosiallaşmasını çətinləşdirir və psixoloji gərginlik yarada bilər.
Tehsil365-ə açıqlamasında psixoloq Sibel Priyeva bildirib ki, inklüziv olmayan, yəni uyğunlaşdırılmamış bağça mühiti fiziki məhdud uşaqların psixoloji inkişafına mənfi təsir göstərə bilər. Belə mühitlərdə xüsusi təlim metodları tətbiq olunmadığından, uşaqların dil, nitq və ünsiyyət bacarıqları lazımi səviyyədə inkişaf etmir. Bu isə gələcək sosial əlaqələrdə hüsran hissi yarada bilər.
Psixoloq həmçinin qeyd edib ki, məktəbəqədər təhsil müddətində valideynlər uşaqlarına necə dəstək ola biləcəkləri barədə maarifləndirilməlidir. Ailə ilə bağça arasında sıx əməkdaşlıq uşağın inkişaf tempini artırır.
“Baxça müəllimləri fiziki məhdud uşaqlarla işləmək üçün psixoloji və pedaqoji biliklərini artırmalı, xüsusi tədris metodlarını öyrənməlidirlər” deyə psixoloq vurğulayıb.