Azərbaycanda fiziki çətinliyi olan uşaqların təhsil hüquqlarının təmin olunması son illərdə daha çox diqqət mərkəzindədir. Mütəxəssislər hesab edirlər ki, bu uşaqların inkişafında məktəbəqədər təhsil mərhələsi xüsusi əhəmiyyət daşıyır. Çünki erkən yaşda qazanılan bacarıqlar onların gələcək həyatına birbaşa təsir göstərir.
Psixoloq Sibel Priyeva Tehsil365-ə açıqlamasında bildirib ki, fiziki çətinliyi olan uşaqlar üçün məktəbəqədər təhsil onların inkişafında mühüm rol oynayır. Bu yaş dövrü beynin ən sürətli inkişaf etdiyi mərhələ olduğundan, erkən yaşda verilən təhsil xüsusi bacarıqların formalaşmasını sürətləndirir.
Psixoloqun sözlərinə görə, fiziki məhdud uşaqlar həmyaşıdları ilə birgə bağçaya getdikdə ünsiyyət qurmaq, paylaşmaq, gözləməyi bacarmaq və qaydalara əməl etmək kimi vacib sosial bacarıqlar qazanırlar. Bu isə onların gələcək məktəb həyatına daha asan uyğunlaşmasına şərait yaradır.