Son illərdə həyata keçirilən kurikulum islahatları təhsil sistemində şagird yönümlü, bacarıq əsaslı yanaşmanın gücləndirilməsini hədəfləyir. Bu dəyişikliklər müəllimlərin dərs planlaşdırmasına, qiymətləndirməyə və ümumilikdə tədris prosesinə mühüm təsir göstərməkdədir.
Kurikulum islahatları tədris prosesinin keyfiyyətinə və şagirdlərin öyrənmə nəticələrinə hansı istiqamətlərdə təsir göstərir?
Təhsil eksperti Qoşqar Məhərrəmov “Tehsil365”ə açıqlamasında bildirib ki, 2000-ci illərin əvvəllərindən başlayan kurikulum islahatları əslində müəllimlərin bir çox yeni səriştələr və bacarıqlar öyrənməsinə səbəb olub:
“Əlbəttə, bu regionlarda bəzən müqavimətlə qarşılaşıb, bəzən müəllimlər öyrənmək istəməyiblər, bəzən isə öyrəndiklərini tətbiq etmək istəməyiblər. Həmçinin kurikulumu öyrədənlər də tam mənası ilə öyrədə bilmirlər; bu hallar yaşanıb. Əlbətdəki bütün islahatlarda, xüsusilə insanla əlaqədar islahatlarda, bu tip problemlər yaşana bilib.
Ümumilikdə kurikulum islahatları sayəsində müəllimlər sinfin idarə olunmasını öyrəniblər, şagird yönümlü təhsil və dərs anlayışını öyrəniblər. Dərs planlaşdırılması, dərsin müasir yanaşmalarla qiymətləndirilməsi, formativ qiymətləndirmə, summativ və diaqnostik qiymətləndirmə və s. kimi müxtəlif anlayışların dünyada pedaqoji ədəbiyyatda yeni adlarını öyrəniblər”.
Ekspert əlavə edib ki, təhsildəki bu anlayışlar əvvəllər başqa adlarla mövcud idi, amma ümumi baxdıqda bizim pedaqoji yanaşmalarımızın yenilənməsi və inkişafı kurikulum islahatları sayəsində olub:
“Bu prosesdə müəyyən dəyişikliklər var, amma bəzən öyrədənlərdən və ya öyrənənlərdən qaynaqlanan problemlər də olur. Məsələn, təlimçi tam mənimsəmədən öyrətməyə çalışır və ya bəzi müəllimlər yaş həddi və ya təfəkkür səviyyəsinə görə yeni öyrənmələrə açıq deyil. Bu isə onların kurikulum islahatlarında rolunu aşağı salır”.