Müasir dövrdə elm və texnologiyanın sürətli inkişafı, idarəetmədə yeni yanaşmalar peşə və bacarıqların tez bir zamanda dəyişməsinə səbəb olur. Təhsil eksperti Elçin Süleymanov Tehsil365-ə müsahibəsində bildirib ki, Dünya İqtisad Forumunun son hesabatına görə, yaxın beş ildə mövcud ixtisasların 20 faizi aktuallığını itirəcək, 2040-cı ildə isə bu günkü ixtisasların yarısı sıradan çıxacaq.
Ekspertin sözlərinə görə, ömürboyu təhsil konsepsiyası bu səbəbdən daha da aktuallaşır. Süni intellektin, yaşıl texnologiyaların, qloballaşmanın və standartlaşmanın əmək bazarına təsiri nəticəsində mühasibatlıqdan bank xidmətlərinə, təhsildən sənayeyə qədər bir çox sahələrdə bacarıq tələbləri dəyişir.
Elçin Süleymanov gənclərə formal təhsillə kifayətlənməməyi, Dövlət Məşğulluq Agentliyi, Elm və Təhsil Nazirliyi, banklar və beynəlxalq platformaların təqdim etdiyi kurs və təlimlərdən yararlanmağı tövsiyə edib. Onun fikrincə, xarici dil, kompüter savadı, süni intellektdən istifadə, komanda işi, liderlik, stressə davamlılıq və tənqidi təfəkkür müasir əmək bazarının əsas tələblərindəndir.
Ekspert əlavə edib ki, bəzi universitetlər tədris proqramına “yumşaq və sərt bacarıqlar” fənnini daxil edir, həmçinin məşğulluq və kariyera mərkəzlərinin fəaliyyəti məzunların iş tapmasına müsbət təsir göstərə bilər”—deyə o vurğulayıb.