Qarabağ Universitetinin İncəsənət fakültəsinin müəllimi, bədii şüşə rəssamı Məhər Məhərrəmovun “Dərviş” adlı şüşə xalçası Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Beynəlxalq Bədii Şüşə Biennalesində (International Biennale of Glass – IBG) nümayiş etdiriləcək.
Qarabağ Universitetindən “Tehsil365”ə məlumat verilib ki, sözügedən biennale bədii şüşə sənətinə həsr olunan nüfuzlu beynəlxalq tədbirlərdən biridir və dünyanın müxtəlif ölkələrindən olan sənətkarları bir araya gətirir. Tədbirdə nümayiş etdirilən əsərlər arasında Məhərrəmovun “Dərviş” şüşə xalçası da yer alacaq.
Bu əsər özündə milli ornamentləri və müasir şüşə sənətinin incə texnikasını birləşdirir. İncəsənət nümayəndəsinin iştirakı Azərbaycanın bədii şüşə sahəsindəki potensialını beynəlxalq səviyyədə təqdim etmək baxımından əhəmiyyətli hadisə kimi dəyərləndirilir.