“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən isə respublikamızda aşağıdakı təhsilalma formaları müəyyən edilir:
1. əyani;
2. qiyabi;
3. distant (məsafədən);
4. sərbəst (eksternat).
“Tehsil365” xəbər verir ki, sərbəst (eksternat) təhsil dedikdə müxtəlif səbəblərdən ümumi təhsildən kənarda qalan şəxslərə təhsil almaq və ya təhsilalana ümumi təhsilin hər hansı pilləsini vaxtından əvvəl bitirmək hüququ verən təhsilalma formasıdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş "Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”na görə distant və eksternat formada bakalavr hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan əsasnamələr əsasında həyata keçirilir. Lakin qeyd olunan əsasnamələr bu günədək təsdiq edilməmişdir.
Bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir.
Yuxarıda qeyd olunan təhsilalma formaları çərçivəsində evdə təhsil və fərdi təhsil təşkil oluna bilər.
Zəruri hallarda, müasir təhsil texnologiyalarından istifadə etməklə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada digər təhsilalma formaları da tətbiq edilə bilər.