Kolleclərdə ixtisas seçimi mövzusunda Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli ilə müsahibə apardıq. O, bildirdi ki,ixtisas seçimi bir gəncin həyatında yalnız peşə deyil, həm də gələcək həyat tərzini müəyyən edən ən mühüm qərarlardan biridir və uğurlu seçim üçün şəxsi maraqlar ilə əmək bazarının tələbləri nəzərə alınmalıdır.
– Əgər bir gənc həm istədiyi ixtisasa, həm də yüksək maaş vəd edən başqa bir ixtisasa uyğun bal toplayırsa, hansı seçim daha uğurlu olar?
“İxtisas seçimi bir gəncin həyatında yalnız peşə deyil, həm də gələcək həyat tərzini müəyyən edən ən mühüm qərarlardan biridir. Burada “uğurlu seçim” anlayışı hər zaman subyektiv olsa da, real həyatda onun iki əsas dayağı var: şəxsi maraqlar və əmək bazarının tələbləri. Əgər bir gənc həm ürəyindən keçən ixtisasa, həm də yüksək gəlir vəd edən başqa bir sahəyə uyğun ba⁸l toplayırsa, burada təkcə maddi tərəfi deyil, uzunmüddətli motivasiya faktorunu da nəzərə almaq lazımdır. İnsan sevmədiyi bir peşədə müvəqqəti maddi rahatlıq əldə edə bilər, amma zamanla işinə marağı itirərsə, peşəkar inkişafı dayanacaq. Əksinə, maraq duyduğu və güclü bacarıqlar göstərdiyi sahədə işləyən biri, bazarın tələblərinə uyğun olaraq özünü inkişaf etdirdikdə, gəlir məsələsində də uğura çata bilir. Ona görə də gənclər ixtisas seçimini edərkən, həm şəxsi istəklərinə, həm də gələcəkdə həmin sahənin iqtisadi və texnoloji tendensiyalar qarşısında davamlılığına baxmalıdırlar”.
– Bugünkü əmək bazarında hansı kollec ixtisasları 5-10 il sonra da aktual qalacaq?
“Bugünkü əmək bazarında kolleclərin verdiyi ixtisasların real dəyəri ilə bağlı ciddi problemlər mövcuddur. Təəssüf ki, Azərbaycanda çox vaxt kolleclər artıq bazarın tələblərinə cavab vermir, diplom isə bir çox hallarda iş tapmaq üçün kifayət etmir. Subbakalavr səviyyəsində təhsil almaq və əmək bazarında öz yerini tapmaq isə getdikcə çətinləşir. Dərslərin keyfiyyəti kifayət qədər yüksək deyil, tədris prosesi bəzən formal xarakter daşıyır, praktik bacarıqlar isə minimal səviyyədə verilir. Bu səbəbdən məzunlar yalnız diplom sahibi olmaqla kifayətlənir, amma işə real hazırlıqsız olurlar.
Buna baxmayaraq, yaxın 5-10 ildə əmək bazarında tələb olunacaq sahələr də mövcuddur. Texnologiya sahəsi, proqramlaşdırma, kompüter şəbəkələri, informasiya təhlükəsizliyi kimi IT ixtisasları perspektivlidir. Səhiyyə və tibbi texnologiyalar, laboratoriya işi, fizioterapiya və tibb bacılığı da davamlı tələbat görəcək. Bundan əlavə, enerji sektoru, yaşıl texnologiyalar, logistika və kənd təsərrüfatında innovativ yanaşmalar üzrə mütəxəssislərə ehtiyac qalacaq.
Əsas məsələ odur ki, gənclər kolleclərdə oxuyaraq yalnız diplomla kifayətlənməməli, bazarın real tələblərini nəzərə alaraq praktik bacarıqlar, sertifikatlaşdırılmış kurslar və əlavə təlimlərlə təhsillərini gücləndirməlidirlər. Yalnız belə yanaşma ilə kollecdəki təhsil həm maraqlı, həm də bazarda rəqabət qabiliyyətini artıran bir vasitəyə çevrilə bilər. Dövlət və təhsil qurumlarının bu sahədə ciddi modernləşmə və keyfiyyət yüksəltmə tədbirləri görməsi vacibdir”.
– Əgər abituriyent bir tərəfdə ailə və cəmiyyətin təzyiqi, digər tərəfdə isə şəxsi maraqları arasında qalsa, hansı seçim daha doğru olar?
“Ailə və cəmiyyət təzyiqi məsələsinə gəldikdə isə, bu, Azərbaycanda ixtisas seçimində tez-tez rast gəlinən bir haldır. Əlbəttə, valideynlər övladlarının gələcəyini düşünərək müəyyən ixtisaslara yönləndirmək istəyirlər, amma burada əsas məsələ gəncin uzunmüddətli xoşbəxtliyi və peşəkar potensialıdır. Şəxsi maraqlar nəzərə alınmadan edilən seçimlər, çox vaxt orta müddətdə motivasiya itkisi və peşə dəyişiklikləri ilə nəticələnir. Ən ideal yanaşma – gəncin maraqları ilə əmək bazarının real tələbləri arasında körpü yaratmaqdır. Bu, bəzən kompromis variant seçməyi tələb edə bilər: həm gəncin sevdiyi sahəyə yaxın, həm də gələcəkdə ona stabil gəlir təmin edəcək bir istiqamət tapmaq. Gəncin qərarına hörmət etmək, ona düzgün məlumat və perspektiv təqdim etmək, seçim prosesini psixoloji gərginlikdən uzaqlaşdırmaq, əslində həm ailənin, həm də cəmiyyətin üzərinə düşən məsuliyyətdir”.