“Tehsil365”in müsahibində iqtisadçı Eldəniz Əmirov gənclərin uğurlu karyera yolunu necə formalaşdırmalı olduqlarını vurğulayıb. Onun fikrincə, tələbələr iş axtaran yox, iş quran və dəyər yaradan ruhda yetişməlidirlər.
“Onlar ilk növbədə öz daxillərində olan bacarıqları üzə çıxarmağa çalışmalıdırlar. İqtisadi bilik və bacarıqlar bir qədər ümumi ifadədir, amma daha vacib olan onların sahibkarlıq ruhunda yetişməsidir. Gənclər müəyyən təşəbbüslərlə çıxış etməli, müşahidə qabiliyyətləri güclü olmalıdır. Komanda işini bacarmalı, müasir iqtisadi alətlərə yiyələnməlidirlər,” – deyə o bildirib.
E. Əmirov xüsusilə vurğulayıb ki, tələbələr diplom və kağız parçası üçün deyil, bilik və bacarıqlarını beynində, zəkasında və davranışlarında formalaşdırmaq üçün çalışmalıdırlar. Onun sözlərinə görə, bu bacarıqlar arasında ünsiyyət, qiymətləndirmə, investisiya təhlili və layihə idarəçiliyi bacarıqları əsas yer tutur.
Ekspert gənclərə ilkin mərhələlərdə gəliri düşünmədən könüllü fəaliyyətlə məşğul olmağı tövsiyə edib. “Onlar peşəkar idarəçilərin yanında olub idarəetmə sənətini mənimsəməli, mümkün olan bütün ödənişsiz online kurslardan yararlanmalıdırlar. Uğursuzluqdan qorxmamalıdırlar, layihələrdə iştirak etməli, real iş təcrübəsi toplamalıdırlar. Çünki gələcəkdə kağız parçası heç kimə lazım olmayacaq, ən önəmli olan bacarıqlardır,” – deyə Eldəniz Əmirov bildirib.
O, həmçinin qeyd edib ki, gənclər öz həvəslərini və bacarıqlarını düzgün qiymətləndirməli, müşahidə qabiliyyətlərini inkişaf etdirməlidirlər. “Müşahidə qabiliyyəti güclü olan gənclər gələcəyin uğurlu iqtisadi liderləri olacaq. Problemi hamıdan əvvəl görən insan həllini də tapır. Uğurun başlanğıcı güclü və düzgün müşahidə bacarığıdır,” – deyə ekspert vurğulayıb.
E. Əmirov sevdiyi peşənin ardınca getməyin uğurlu karyeranın açarı olmadığını bildirib. “İnsanların zövqü və fikirləri zamanla dəyişir. Çox az insan olur ki, sevdiyi sahəni seçir. Reallıqda uğur, sahədə pul qazanmaq ehtimalı və böyük əmək tələb edir. Bu, qeyri-adi istedad tələb edir, amma hədəflərə çata bilməyən insanlar qəti demotivasiya olmamalıdır,” – deyə o əlavə edib.
Ekspertin fikrincə, yüksək bacarıqlı insanlar yüksək bilikli işçiləri idarə edir. “Dünyada böyük sahibkarlar yüzlərlə həkim, hüquqşünas, maliyyəçi və İT mütəxəssisini işlədirlər. Onların hamısı müşahidə qabiliyyəti ilə problemləri görür və həll üçün ideya yaradırlar. Bu, gələcəyin uğurlu insanlarını formalaşdırır,” – deyə Eldəniz Əmirov qeyd edib.
Son olaraq, E. Əmirov xaricdə təhsilin avtomatik üstünlük təmin etmədiyini bildirib. “Uzun müddət ABŞ və Avropada təhsil almış tələbələrlə işləmişəm. Çox az istisna olmaqla, onların yerli tələbələrdən üstünlüyü yalnız dil biliklərindədir. Azərbaycan universitetlərində təhsil alan tələbələr istedad və bacarıq baxımından heç də geri qalmırlar,” – deyə o vurğulayıb.
Ekspert həmçinin öz təcrübəsindən danışaraq Harvard Business School-un idarəetmənin əsasları proqramı üzrə sertifikat aldığını və burada gördüyü iştirakçıların çoxunun Azərbaycanda da yüksək səviyyəli potensiala sahib olduğunu qeyd edib.