“Yaddaşınız zəifləyib və dərslərə fokuslana bilmirsinizsə, bu yalnız diqqət əskikliyi deyil”, – deyə klinik psixoloq Gülşən Rüstəmova “Tehsil365”ə müsahibəsində bildirib. O vurğulayır ki, son illərdə gənclər arasında tez-tez rast gəlinən diqqət pozğunluğu yalnız psixoloji səbəblərlə bağlı deyil, həm də bədənimizin vitamin və mineral balansının pozulması ilə əlaqədar ola bilər. Abituriyentlər və gənclər üçün bu problem fərdi yanaşma tələb edir və kompleks üsullarla həll olunur.
– Son illərdə gənclərdə tez-tez rast gəlinən diqqət pozğunluğunun əsas səbəbləri nələrdir?
Psixoloqun sözlərinə görə, diqqət əksikliyi və hiperaktivlik pozuntusu (DƏHB) son zamanlarda ən çox eşidilən diaqnozlardan biridir:
“Adətən valideynlər övladlarının dərsə fokuslana bilmədiyini görüb, bunu diqqət əskikliyi kimi qiymətləndirərək bizə müraciət edirlər. Ancaq ilk növbədə endokrinoloji müayinədən keçmək vacibdir. Çünki orqanizmin düzgün minerallar və vitaminlərlə təmin olunmaması sinir sisteminin fəaliyyətinə təsir edir. Vitaminsizlik və mineral çatışmazlığı diqqət dağınıqlığının əsas səbəblərindəndir. Ona görə də hər hansı bir əlamət müşahidə olunduqda mütləq mütəxəssis rəyinə müraciət edilməlidir, özbaşına diaqnoz qoymaq doğru deyil.”
– Diqqət pozğunluğu gündəlik həyat və təhsildə özünü necə göstərir?
“Diqqət əskikliyi hər insanda fərqli formada təzahür edir. Bəzi insanlar adları unudur, bəziləri terminləri yadda saxlamır. Kimlərinsə eşitdikləri, kimlərinsə isə gördükləri daha yaxşı yadında qalır. Bu, insanların qəbul etmə kanallarının müxtəlifliyi ilə bağlıdır. Yəni biri eşitmə ilə, digəri görmə və ya toxunma ilə məlumatı daha yaxşı qavrayır. Ona görə də hər bir fərdin fərdi xüsusiyyətləri nəzərə alınmalıdır.”
– Problemi aradan qaldırmaq və diqqəti gücləndirmək üçün hansı üsullardan istifadə olunur?
Psixoloq bildirir ki, bu məsələ kompleks yanaşma tələb edir.
“Əgər endokrinoloji səbəb varsa, müvafiq müalicə aparılmalıdır. Paralel olaraq psixoloqla seanslar keçirilməlidir. Burada fərdin yaşı, cinsi, temperament tipi nəzərə alınır və ona uyğun psixoloji texnikalar seçilir. Bu çalışmalar sayəsində diqqət toplama bacarıqları inkişaf etdirilir. Yəni problemin öhdəsindən gəlmək üçün hərtərəfli yanaşma vacibdir.”
Mütəxəssisə görə, diqqət əskikliyi gənclər arasında geniş yayılıb, amma hər bir halda səbəblər fərqli ola bilər. Buna görə də diaqnozun professional tərəfindən qoyulması və kompleks yanaşma ilə müalicə aparılması ən doğru yoldur—deyə vurğulayıb.