Abituriyentlərin ən çox qarşılaşdığı çətinliklərdən biri də həm sevdiyi ixtisas, həm də yüksək maaş vəd edən başqa bir ixtisas arasında seçim etməsidir. Təhsil eksperti Rizvan Fikrətoğlu bu mövzu ilə bağlı “Tehsil365”ə müsahibəsində danışıb.
Ekspertin sözlərinə görə, seçimin düzgünlüyü birbaşa abituriyentin şəxsi dəyərləri, motivasiyası və həyat məqsədləri ilə bağlıdır:
“Əgər gənc sevdiyi sahəni seçirsə, burada daxili motivasiya daha güclü olur. İşini sevərək gördüyün zaman həm peşəkar inkişaf, həm də uzunmüddətli uğur ehtimalı yüksəlir. Bununla belə, risklər də var – bəzi sahələrdə əmək bazarında tələbat zəif ola bilər və gəlir məhdud ola bilər.”
Onun sözlərinə görə, yüksək maaş vəd edən ixtisasların da üstünlükləri var:
“Bu halda gənc qısa və orta müddətdə daha güclü maddi təminat əldə edə bilər, maliyyə müstəqilliyinə daha tez çata bilər. Sonradan ixtisasını dəyişmək və ya başqa sahəyə keçmək imkanı da yaranır. Amma motivasiya zəif ola, iş gərginliyi artaraq tükənmişlik sindromuna səbəb ola bilər.”
Fikrətoğlunun sözlərinə görə, növbəti 5-10 ildə texnologiya və rəqəmsal sahələr, xüsusən kompüter mühəndisliyi və IT istiqamətləri əmək bazarında ön planda olacaq:
—Texnologiya və rəqəmsallaşma – kompüter elmləri, süni intellekt, proqramlaşdırma
—Tibb və sağlamlıq – həkimlik, tibbi texnologiyalar və xidmətlər
—Ekologiya və davamlı inkişaf – ətraf mühit, bərpa olunan enerji, iqlim dəyişikliyi ilə bağlı ixtisaslar
—Marketinq və rəqəmsal kommunikasiya – rəqəmsal bazarın böyüməsi ilə paralel olaraq bu sahədə də peşəkar kadrlara ehtiyac artacaq.
Ekspert əlavə edib ki, gənclər seçim edərkən özlərinə aşağıdakı sualları verməlidirlər:
—Mən 5-10 il sonra özümü hansı sahədə görürəm?
—Məni daha çox pul, yoxsa maraq və yaradıcılıq motivasiya edir?
—Seçdiyim ixtisasın əmək bazarındakı real vəziyyətini araşdırmışammı?
Sonda Rizvan Fikrətoğlu bildirib ki, abituriyentlər həm ailə təzyiqləri, həm də şəxsi maraqları arasında qalsalar da, ən uğurlu seçim insanın öz daxili istəklərinə uyğun qərar verməsidir.