Avqustun 20-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti – müsahibə mərhələsinə başlanılır.
İnsan resurları mərkəzindəm “Tehsil365”ə məlumat verilib ki, Ümumilikdə 3957 namizədin dəvət olunduğu müsahibələr avqustun 26-dək davam edəcək.
Müsahibələr zamanı namizədlərin peşəkar bilik və bacarıqları, tədris vərdişləri, psixoloji hazırlığı, kommunikasiya qabiliyyəti, eləcə də ümumi dünyagörüşü qiymətləndiriləcək. Bu proses müvafiq komissiya tərəfindən təsdiq olunmuş proqram əsasında həyata keçiriləcək.
Qeyd edək ki, müsahibə mərhələsində uğur qazanan namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışma imkanı əldə edəcəklər. Bu isə onların pedaqoji fəaliyyətlərinin davamlı və stabil şəkildə qurulmasına şərait yaradacaq.
Bildirilib ki, namizədlər şəxsi səhifələrində göstərilən tarixdə müsahibədə iştirak etmədikləri halda, bu, onların vakant yerlərdən imtina etməsi kimi qeydə alınacaq. Həmin şəxslər sonrakı müddətli müqavilə ilə işə qəbul turlarında iştirak edə bilməyəcəklər.