Məktəb başlayır. Uşaqların yeniliklərə uyğunlaşmaqda çətinlik çəkməməsi üçün onları bu yeni macəraya öncədən hazırlamaq lazımdır. Birinci sinfə başlamaq və ya yeni məktəbə keçmək həm valideynlər, həm də şagirdlər üçün stressli proses sayılır. Məktəbə hazırlıq prosesi həm sizin üçün lazım olan hazırlıqları görmək, həm də övladınızın motivasiyasını artırmaq üçün faydalı ola bilər.
“Tehsil365” xəbər verir ki, məqalə “Azərbaycan məktəbi” jurnalında dərc olunub.
Hazırlıq prosesi zamanı hansı addımlar atılmalıdır:
İlkin mərhələdə övladınızla bərabər seçdiyiniz məktəbə baş çəkmək yaxşı olar. Onu məktəb direktoru, sinif rəhbəri və başqa müəllimlərlə tanış edə bilərsiniz.
Övladınızla məktəb həyatının başlanğıc dövrü haqqında söhbət edə bilərsiniz. Ona öz məktəb həyatınızla bağlı məzəli xatirə və ya əhvalat danışa bilərsiniz.
Orta məktəb yeni və fərqli təcrübələrin yaşandığı dövrdür. Uşaqların yeni dostlar qazanmaq, müxtəlif fəaliyyətlərdə iştirak etmək, hər gün yeni bilik və məlumatlar öyrənmək imkanının olacağını söyləməklə onları motivasiya etmək lazımdır.
Əgər ətrafınızda övladınızla eyni məktəbə getməsi nəzərdə tutulan uşaqlar varsa, məktəb başlamazdan əvvəl onları görüşdürmək olar. Uşaqların ilk dərs günündə tanış simalar görməsi onun stressini azalda bilər.
Əgər övladınız ibtidai məktəbə başlayacaqsa, ayaqqabı və ya üst geyimini geyinib-soyunmaq, təkbaşına tualetdən istifadə etmək kimi bacarıqlara sahib olmalıdır. Bu bacarıqları inkişaf etdirmək üçün uşağınızla rollu oyunlar oynaya bilərsiniz.
Pedaqoqlar bildirir ki, azyaşlının məktəb həyatına atılması ailə üçün stressli proses olsa da, hər şəraitdə övladınızın yanında olduğunuzu hiss etdirmək onun özünə inamının artmasına və özünü daha rahat hiss etməsinə töhfə verəcək. Başlanğıcda müəyyən büdrəmələr və kiçik səhvlər də ola bilər. İstənilən vəziyyətdə övladınıza anlayışla yanaşmağa çalışın.
Məktəbə hazırlıq dövrü
Məktəbə hazırlıq dövründə uşağın məktəb ləvazimatları və paltarları diqqətlə seçilməlidir. Kənardan kömək olmadan istifadə edə bilməyəcəyi məktəb əşyası və ya uniforma onun müstəqil hərəkət etməsinə mane olacaq. Dərslərə yeni başlayan uşaqlar üçün başqalarından yardım istəmək həmişə asan olmur. Dərs ləvazimatı və geyim seçimi üçün aşağıdakı detallara diqqət yetirmək lazımdır:
Əgər övladınız ayaqqabısının iplərini bağlamağı bacarmırsa, idman məşğələləri zamanı ayaqqabılarını dəyişmək lazımdırsa, ona ipsiz ayaqqabı seçə bilərsiniz. Belə ayaqqabılar uşağa sürətli və müstəqil olmağa imkan verəcək.
Əgər uşaqlar düymələri açıb bağlamaqda çətinlik çəkirsə, rezinli və ya düyməsiz geyimlər seçmək olar.
Məktəbə nahar aparmaq üçün asanlıqla açıla bilən yemək qutusu və su qabı seçə bilərsiniz. Onun yemək istəkləri də nəzərə alınmalıdır. Məktəbə meyvə aparmaq istəyən uşağın meyvəsinin qabığı soyulub qoyulmalıdır.
Dərs günü övladınızı bir az tez oyatmağa çalışın. Erkən oyanmaq həm sizinlə əlavə vaxt keçirməsinə, həm də səhər stressini azaltmasına kömək edə bilər.
Ünsiyyətin əhəmiyyəti
Mütəxəssislər bildirir ki, uşaqların dərslərdə uğur qazanmasına dəstək olacaq ən mühüm amil valideynləri ilə ünsiyyətdir. Valideynlər övladlarının ilk müəllimləridir. Onların əməkdaşlığı və dəstəyi şagirdin məktəbdə uğur qazanması üçün vacibdir. Məktəbdə baş verənləri izləyərək cari proqramdan xəbərdar ola bilərsiniz. Məktəblərdə keçirilən valideyn iclaslarında iştirak etməklə övladınızın inkişafı ilə bağlı məlumat əldə edə bilərsiniz. Vaxtaşırı müəllimlə görüşmək üçün də zaman ayırmaq lazımdır. Xüsusilə uşağın problemi, narhatçılığı varsa, bunu müəllimə söyləmək çox vacibdir.
Hazırlıq prosesi, düzgün planlaşdırma və effektiv ünsiyyətlə övladınızın məktəbə başlayarkən keçirəcəyi narahatlığı azalda və məktəb həyatını onun üçün zövqlü prosesə çevirə bilərsiniz.