TTKF-nin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Gülnar Zeynalova “Tehsil365”ə müsahibəsində tələbə kreditləri ilə bağlı mühüm məqamları vurğulayıb:
Onun sözlərinə görə, təhsil tələbə krediti üçün müraciət və kreditin rəsmiləşdirilməsi prosesi tamamilə elektron şəkildə həyata keçirilir:
“Tələbə əvvəlcə razılıq ərizəsi almalıdır. Razılıq ərizəsini əldə etmək üçün tələbə istənilən notariat ofisinə, ASAN xidmət mərkəzinə yaxınlaşa və ya mobil notariat tətbiqindən istifadə edə bilər. Əgər tələbənin yaşı 18-dən yuxarıdırsa, o zaman razılıq ərizəsini birbaşa mobil notariat tətbiqi üzərindən ala bilər. Tələbə 18 yaşından kiçikdirsə, bu zaman valideyni və ya digər qanuni nümayəndəsi ilə birlikdə notariat ofisinə və ya ASAN xidmət mərkəzinə müraciət edərək razılıq ərizəsini əldə etməlidir. Tələbə tərəfindən razılıq ərizəsi yalnız bir dəfə alınır və sonrakı bütün kredit müraciətləri həmin ərizə əsasında həyata keçirilir. Razılıq ərizəsi əldə edildikdən sonra tələbə FİN kodu vasitəsilə www.e-ttkf.edu.az portalında qeydiyyatdan keçir. Qeydiyyat zamanı tələbə aidiyyəti bölmələr üzrə tələb olunan məlumatları elektron formada təqdim edir. Tələbənin müraciəti sistem tərəfindən yoxlandıqdan sonra, əgər o, kredit almaq üçün müəyyən olunmuş şərtlərə cavab verirsə, ona kreditin rəsmiləşdirilməsi ilə bağlı elektron bildiriş göndərilir”.
Mütəxəssis bildirib ki, hazırda təhsil tələbə kreditləri yalnız təhsil haqqının ödənilməsi üçün nəzərdə tutulur:
“Məlum olduğu üzrə, Fond 2021-ci ildən fəaliyyət göstərir və onun ümumi rəhbərliyini Himayəçilik Şurası həyata keçirir. Hər hansı bir əlavə xərclərə təhsil kreditlərinin ayrılması məsələsinə də məhz Himayəçilik Şurası nəzarət edir və bu istiqamətdə müvafiq qərarlar qəbul olunur. Hazırda təqdim edilən təhsil tələbə kreditləri yalnız təhsil haqqının ödənilməsi üçün nəzərdə tutulmuşdur. Gələcəkdə digər xərclərin də kreditlə əhatə olunması planlaşdırılarsa, bu barədə ictimaiyyətə rəsmi şəkildə məlumat veriləcəkdir”.
Kreditin yalnız normativ təhsil müddətində qüvvədə olan təhsil haqqı məbləği əsasında verildiyini deyən Gülnar Zeynalova əlavə edib ki, bu layihə sosial xarakter daşıyır.
Xüsusi güzəştlər barədə danışan mütəxəssis vurğulayıb ki, “Şəhid ailələrinin üzvləri və əlilliyi olan tələbələr imtiyazlı kateqoriyaya aid olduqlarına görə, onlar təhsil aldıqları müddət ərzində təhsil haqqı xərclərindən azad olunurlar. Lakin həmin şəxslər ikinci dəfə ali təhsil almaq istəyirlərsə, təhsil tələbə kreditinə müraciət etməlidirlər. Bundan əlavə, valideynləri işsiz statusunda olan tələbələrin statusu sistem tərəfindən rəsmi şəkildə təsdiqləndiyi halda, sosial növ təhsil tələbə kreditindən yararlanmaq hüququna malikdirlər. Təhsil tələbə kreditinin sosial növündən yararlanmaq üçün tələbənin və ya onun ailə üzvünün statusunu təsdiq edən müvafiq rəsmi sənədlər sistem tərəfindən yoxlanılır və nəticədə tələbənin bu kredit növünə uyğun olub-olmadığı müəyyən edilir”.
Xarici tələbələrin vəziyyəti ilə bağlı isə qeyd olunub ki, bu proqram yalnız Azərbaycan vətəndaşlarına şamil olunur:
“Təhsil tələbə kreditləri yalnız Azərbaycan Respublikası vətəndaşlarına şamil olunur. Həmçinin, xaricdən köçürülmə yolu ilə Azərbaycan Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrinə qəbul olunmuş və Azərbaycan vətəndaşlığı olan tələbələr təhsil tələbə kreditlərindən yararlana bilərlər”.
Ödəniş şərtlərinə toxunan mütəxəssis bildirib ki, tələbələr təhsil müddətində kreditin geri ödənilməsini həyata keçirmirlər:
“Təhsilini bitirdikdən sonra məzuna əlavə 2 il güzəşt dövrü verilir və bu müddət ərzində də kreditin geri qaytarılması tələb olunmur. Güzəşt müddəti başa çatdıqdan sonra tələbə 10 il ərzində kredit üzrə öhdəliklərini yerinə yetirir, yəni geri ödəmə mərhələsi başlayır. Gecikmə günlərinə görə isə əlavə faizlərin hesablanması və ya əlavə hər hansı cərimələrin tətbiqi nəzərdə tutulmayıb”.