Gənclərin vətənpərvərlik ruhunda formalaşması və milli dəyərlərə bağlılığının gücləndirilməsi məqsədilə ölkə miqyasında genişmiqyaslı təşəbbüslər davam edir.
"Tehsil365" xəbər verir ki, Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi çərçivəsində keçirilən ən böyük gənclər festivalı – “Yay Fest 2025” çərçivəsində 18-22 avqust tarixlərində Şamaxıda “Müstəqillik tarixi” düşərgəsi uğurla başa çatıb.
250 nəfər gəncin iştirakı ilə baş tutan düşərgədə Azərbaycan xalqının müstəqillik və suverenlik uğrunda apardığı mübarizə tarixi interaktiv şəkildə öyrədilib, vətənpərvərlik və dövlətçilik dəyərləri gənclərə aşılanıb.
Çadır formatında təşkil olunan düşərgə çərçivəsində motivasiya sessiyaları, komanda oyunları, tarixi görüşlər və yaradıcı fəaliyyətlər həyata keçirilib. Xüsusilə, 20 Yanvar hadisələrinin canlı şahidi – fotomüxbir Rasim Sadıxovla baş tutan görüş gənclərdə müstəqilliyə gedən yolun mənəvi dəyərini daha dərindən anlamağa şərait yaradıb.
Bundan başqa, yoqa, rəsm, airsoft, intellektual oyunlar və karate üzrə master-klasslar iştirakçılara həm fiziki, həm də yaradıcı inkişaf imkanı qazandırıb. Festival çərçivəsində sülhü simvolizə edən göyərçin fləşmobu isə düşərgənin emosional və sosial mesajlarını gücləndirib.
Hər günün sonunda keçirilən konsert proqramları, musiqili yarışmalar və ocaq ətrafında söhbətlər isə gənclər üçün unudulmaz anlara çevrilib.
29 avqusta qədər davam edəcək “Yay Fest 2025” çərçivəsində ümumilikdə 2000-dən çox gəncin iştirakı ilə səkkiz tematik düşərgə təşkil ediləcək. Bu düşərgələr “Milli-mənəvi dəyərlər”, “Həmrəylik”, “Humanizm”, “Ədalət və Qanun”, “İnkişaf”, “Vətənpərvərlik”, “Müstəqillik tarixi” və “Qalib Diplomatiya” mövzularına həsr olunub.
Festival Gənclər Fondunun dəstəyi, IDEA İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “CAVAN” Gənclər Hərəkatı və “Gənc Könüllülər” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.