2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən “Səyyar Gənclər Xidməti” layihəsi bu dəfə Goranboy rayonunda start götürüb.
“Tehsil365” xəbər verir ki, “Suveren dövlət, vətənpərvər gənclik” şüarı ilə təşkil olunan layihə 25-29 avqust tarixlərini əhatə edərək, rayon gəncləri üçün müxtəlif istiqamətlərdə maarifləndirici və inkişafyönümlü fəaliyyətlər təqdim edir.
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə reallaşan layihənin məqsədi gənclərə ölkənin suverenliyi, müstəqilliyin dəyəri və Vətənə bağlılıq mövzusunda geniş məlumat vermək, onların vətənpərvərlik ruhunda formalaşmasına dəstək olmaqdır. Eyni zamanda layihə, dövlətin gənclər siyasətinin bölgələrdəki imkanlarını daha əlçatan etməyi qarşısına məqsəd qoyur.
Tədbirin rəsmi açılışı Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev və Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev çıxış edərək layihənin gənclərin inkişafına verdiyi töhfədən danışıblar.
Açıq hava şəraitində keçirilən tədbirdə Müdafiə Nazirliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinin nümayəndələri gənclərlə görüşərək müxtəlif mövzularda maarifləndirici sessiyalar keçiblər.
Gənclər “Vətənpərvər gənclik”, “Yaradıcı gənclik”, “Suveren gənclər”, “Rəqəmsal düşüncə”, “Təhsil və karyera” və “Əyləncə” zonalarında interaktiv təlimlərdə, master-klasslarda, intellektual və yaradıcılıq yarışlarında iştirak edərək həm biliklərini artırıb, həm də bacarıqlarını inkişaf etdiriblər. Günün sonunda fəallıq göstərən gənclər xüsusi hədiyyələrlə təltif olunub.
Qeyd edək ki, “Səyyar Gənclər Xidməti” layihəsi oktyabr ayının sonunadək 15 şəhər və rayonu, o cümlədən ən ucqar kəndləri əhatə edəcək. Layihə Gənclər Fondunun dəstəyi, “Gənc Könüllülər” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilir.