ABŞ Beynəlxalq Ticarət İdarəsinin məlumatına görə, Tramp administrasiyasının viza müsahibələrini dayandırması və digər məhdudlaşdırıcı siyasətləri nəticəsində bu ilin iyul ayında ölkəyə gələn tələbələrin sayında ümumi olaraq 28,5% azalma qeydə alınıb.
"Tehsil365" xəbər verir ki, bu barədə "The Pie News" məlumat yayıb.
Ən böyük azalma ABŞ-ın əsas iki mənbəyi olan Hindistan (-46%) və Çindən (-26%) gələn tələbələr arasında olub. Bundan əlavə, Cənubi Koreya (-20%), Tayvan (-14,5%) və Vyetnamdan (-36%) gələnlərin də sayı kəskin şəkildə azalıb.
Rəsmi statistikaya görə, bu ilin iyulunda ABŞ-a gələn tələbə vizası sahiblərinin sayı 76 min 519 nəfər təşkil edib. Ötən ilin eyni dövründə isə bu rəqəm 106 min 993 nəfər idi.
Mütəxəssislər hesab edirlər ki, düşüşün bir hissəsi yay aylarında ABŞ-da qalan, lakin geri dönüb təkrar viza problemi yaşamaqdan çəkinən tələbələrin artması ilə bağlıdır. Lakin əsas azalma yeni akademik il üçün kampuslara gələn tələbələrin qeydiyyatında müşahidə olunub.
NAFSA təşkilatının rəhbəri Fanta Aw bildirib ki, ABŞ uzun illərdir dünyanın ən istedadlı beyinləri üçün əsas təhsil məkanı olub, lakin sərt siyasət, qeyri-müəyyənlik və məhdudiyyətlər bu imici zədələyib. Onun sözlərinə görə, bu tendensiya ABŞ iqtisadiyyatı üçün də təhlükəlidir, çünki yalnız bu payız üçün yeni qeydiyyatlarda 30-40% azalma və 7 milyard dollarlıq iqtisadi itki gözlənilir.
Təhsil qurumları ABŞ Dövlət Departamentini beynəlxalq tələbələr üçün viza prosesini asanlaşdırmağa çağırır. Onların fikrincə, tələbələrə yönəlik məhdudiyyətlərin dalğa effekti illərlə davam edə bilər və ABŞ-ın qlobal təhsil liderliyi mövqeyini zəiflədə bilər.