İctimai Televiziya ötən iyirmi ildə peşəkar jurnalistika prinsiplərinə sadiqliyi ilə seçilərək cəmiyyətin etimadını qazanıb. Kanal balanslı və obyektiv informasiya siyasəti aparmaqla yanaşı, milli-mənəvi dəyərlərin təbliği, demokratik ideyaların təşviqi və maarifləndirici layihələrin həyata keçirilməsi istiqamətində mühüm addımlar atıb.
Bu gün isə İctimai Televiziya fəaliyyətinin 20 illiyini qeyd edir. Yüksək texnoloji imkanlara malik yayım platforması və zəngin proqram çeşidi ilə İTV hazırda ölkənin aparıcı media qurumlarından biri hesab olunur. Müasir jurnalistikanın çağırışlarına cavab verən yenilikçi layihələri, yaradıcı komandasının peşəkarlığı və fədakarlığı sayəsində qurum Azərbaycan media məkanında həm brend, həm də məktəb kimi dəyərləndirilir.
“Tehsil365” olaraq İctimai Televiziyanın 20 illik yubileyini təbrik edirik. İTV bu illər ərzində cəmiyyətin etimadını qazanaraq milli-mənəvi dəyərlərin, demokratik prinsiplərin və maarifləndirici ideyaların təbliğində mühüm rol oynayıb. Onların qarşıdakı illərdə də yeni uğurlar qazanacaqlarına, daha böyük nailiyyətlərə imza atacaqlarına və tamaşaçı auditoriyasının rəğbətini daim qazanacaqlarına inanırıq.