Hindistanda 2022-ci ildən tətbiq olunan Birgə Universitetə Qəbul İmtahanı (CUET), xüsusilə Delhi Universiteti başda olmaqla, qadınların ali təhsilə qəbulunda ciddi artıma səbəb olub. Rəsmi məlumatlara görə, son üç ildə DU-da qadın tələbələrin qəbul faizi 15%-dən çox yüksəlib, 2024-25-ci tədris ilində qadınlarla kişilər arasındakı fərq 6 mindən çox qız tələbənin xeyrinə olub.
"Tehsil365" xəbər verir ki, bu barədə "Education Times" məlumat yayıb.
Ekspertlər bu artımı NEP-2020 islahatları, standart imtahan sistemi, burslar və “Tək Qız Övladı” kimi xüsusi kvotalarla əlaqələndirirlər. Lakin kənd və ucqar bölgələrdəki qızlar üçün uzaq imtahan mərkəzləri, hazırlıq resurslarına məhdud çıxış və sosial baryerlər səbəbindən bərabərlik hələ tam təmin olunmayıb.
Mütəxəssislər hesab edirlər ki, daha çox yerli imtahan mərkəzləri, pulsuz və ya güzəştli hazırlıq proqramları və genişləndirilmiş təqaüd imkanları qadınların ali təhsildə iştirakını daha da gücləndirə bilər.