2025/26-cı tədris ilindən etibarən Astraxan vilayətində adi məktəblərdə belə kənd təsərrüfatı texnologiyaları üzrə ixtisas sinifləri fəaliyyətə başlayacaq. Məqsəd bölgədə ciddi şəkildə hiss olunan aqronom, mühəndis və baytar çatışmazlığını aradan qaldırmaqdır.
"Tehsil365" xəbər verir ki, bu barədə "Российская газета" məlumat yayıb.
Proqrama görə, 2026-cı ildə vilayətdə doqquz, 2027-ci ildə isə 20 kənd təsərrüfatı sinfinin açılması planlaşdırılır. Şagirdlər biologiya, kimya və fizika üzrə dərinləşdirilmiş biliklərlə yanaşı, yerli təsərrüfatlarda təcrübə keçəcəklər. İlk ixtisas sinifləri Privoljsk rayonunun iki məktəbində açılır.
Mütəxəssislər bildirirlər ki, son illərdə Rusiya universitet və kolleclərinə qəbul olunan gənclər arasında kənd təsərrüfatı ixtisaslarına maraq artıb. Yerli fermerlər də bu təşəbbüsü müsbət qarşılayaraq, kənd təsərrüfatında gənc və savadlı kadrlara böyük ehtiyac olduğunu deyirlər.