Sosial media bu gün gənclərin həyatının ayrılmaz hissəsinə çevrilib. O, həm öyrənmə motivasiyasını artırır, həm də diqqəti yayaraq məhsuldarlığa mənfi təsir göstərə bilir. Mövzu ilə bağlı “Tehsil365”ə müsahibəsində təhsil eksperti Əmrah Həsənlinin fikirlərini öyrəndik:
– Sosial media gəncləri daim məlumatla “doldurur”, amma diqqəti də yayır. Sizcə, bu paradoks onların təhsil motivasiyasına necə təsir edir?
Təhsil eksperti bildirir ki, burada əsas məsələ balansı qorumaqdır:
“Doğrudur, sosial media gəncləri məlumatla doldurur, amma eyni zamanda diqqəti də parçalayır. Əgər gənc məqsədli şəkildə öyrənmək üçün sosial mediadan istifadə edirsə, bu, onun təhsil həvəsini artırır. Məsələn, xarici dil öyrənmək üçün TikTok-da gündəlik sözlər izləmək və ya YouTube-dan qısa dərs videolarına baxmaq çox faydalıdır. Amma çox vaxt gənclər dərs üçün girdikləri sosial mediada özlərini musiqi və komediya videolarının arasında tapırlar. Bu isə motivasiyanı zəiflədir, diqqəti uzun müddət cəmləməyi çətinləşdirir. Yəni sosial media motivasiya üçün güclü vasitədir, amma düzgün istifadə edilmədikdə məhsuldarlığı azaldan ən böyük risklərdən biridir.”
– Tələbələrin sosial mediada izlədiyi influenserlər və təhsil kanalları onların öyrənmə vərdişlərinə hansı təsiri göstərir?
Ekspertin sözlərinə görə, izlənilən məzmun birbaşa öyrənmə vərdişlərinə təsir edir:
“Gənclər sosial mediada ən çox izlədikləri insanlardan təsirlənirlər. Bu, bəzən çox müsbət nəticə verir. Məsələn, çətin bir mövzunu sadə izah edən müəllimi izləyən tələbənin öyrənməsi həm maraqlı, həm də asan olur. Təhsil bloqerlərinin motivasiyaedici paylaşımları da imtahana hazırlaşmaq üçün böyük stimul verir. Amma təəssüf ki, bəzən gənclər elmdən çox sadəcə məşhurluq qazanmaq üçün kontent hazırlayan şəxsləri izləyirlər. Onlar isə çalışmaqla uğura çatmaq mesajı vermək əvəzinə, qısa yolla nəticə əldə etmək illüziyası yaradır. Bu da yanlış motivasiya formalaşdırır. Hətta bəzi gənclər ‘oxumadan da uğur qazanmaq olar’ düşüncəsinə qapılırlar ki, bu, çox təhlükəlidir. Ona görə gənclər izlədikləri məzmunu seçərkən diqqətli olmalıdırlar.”
– Sosial mediadan təhsil məqsədli istifadənin artırılması üçün hansı üsullar tətbiq oluna bilər?
Əmrah Həsənli hesab edir ki, sosial media təhsildə maraqlı və interaktiv olmalıdır:
“Uzun mühazirələr gəncləri cəlb etmir. Mövzular qısa, kreativ və vizual şəkildə təqdim olunarsa, dərhal diqqət çəkir. Oyun elementləri əlavə olunmuş testlər, qısa animasiyalar, gündəlik həyatdan nümunələrlə izah edilən dərslər gənclərin motivasiyasını artırır. Bundan başqa, müəllimlərin sosial mediada aktiv olması, şagird və tələbələrin suallarına cavab verməsi də çox önəmlidir. Uğurlu tələbə nümunələrinin paylaşılması digərlərinə də motivasiya verir. Təhsil müəssisələri isə sosial medianı yalnız reklam vasitəsi yox, öyrənməni maraqlı etmək üçün istifadə etməlidirlər. Bu halda sosial media gənclər üçün vaxt itkisi deyil, əksinə, bilik və motivasiya mənbəyinə çevrilə bilər.”
Ekspertin fikrincə, sosial media düzgün idarə olunduqda gənclərin təhsildə həm motivasiyasını, həm də nəticələrini gücləndirə bilər.