Klinik psixoloq Gülşən Rüstəmova gənclərin yeni təhsil mühitinə uyğunlaşması barədə fikirlərini bölüşüb. O, “Tehsil365”ə müsahibəsində vurğulayıb ki, hər bir tələbənin fərdi xüsusiyyətləri sosial adaptasiyanı müəyyən edir və bu proses həm müsbət, həm də mənfi emosiyalar yarada bilər.
“Yeni təhsil sistemi gənclər üçün həm motivasiya mənbəyi, həm də stress faktorudur. Böyük gözləntilər gerçəkləşmədikdə məyusluqlar yarana bilər. Bu, xüsusilə gənc nəsildə emosional dəyişikliklərə, hətta üz mimikalarının dəyişməsinə səbəb olur”, – deyə Gülşən Rüstəmova bildirib.
Psixoloq sağlam həyat tərzinin – düzgün qidalanma, yuxu rejimi və qan analizlərinin – sosial adaptasiya prosesində vacib rol oynadığını vurğulayıb. O, endokrinoloji müayinələrin və sağlam yuxu rejiminin gənclərin akademik və sosial uğuruna töhfə verdiyini qeyd edib.
Gülşən Rüstəmova həmçinin sosial fobiyaların, asossial davranışların və sosiallaşmada çətinliklərin son illərdə artdığına diqqət çəkib. O, valideynlərə tövsiyə edib ki, uşaqların sosial adaptasiyası üçün əvvəlcə öz nümunələrinə diqqət yetirsinlər. “Övladlarımız bizim davranışlarımızdan nümunə götürürlər. Sosial və özgüvənli gənclər yetişdirmək üçün əvvəlcə özümüzdən başlamalıyıq”, – deyə psixoloq əlavə edib.
Mütəxəssis hesab edir ki, sosial adaptasiyanı dəstəkləyən layihələr geniş miqyasda həyata keçirilməlidir: yaş qruplarına uyğun sosial mühitlər yaradılmalı, dövlət tərəfindən tənzimlənməli və mütəxəssislərin iştirakı təmin edilməlidir. Bu, gənclərin həm psixoloji, həm fiziki, həm də mənəvi cəhətdən daha sosial və özünəinamlı olmalarını təmin edəcək.