“Ziyalı Ocağı” İctimai Birliyi “Uşaq və gənclərin zərərli xarici təsirlərdən müdafiəsi” adlı layihənin icrasına başlayıb. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.
“Tehsil365” xəbər verir ki, təşəbbüsün əsas məqsədi xalqımıza və dövlətimizə qarşı aparılan ideoloji hücumların qarşısını almaq, gənc nəslin milli-mənəvi dəyərlərə bağlı şəkildə formalaşmasına töhfə verməkdir.
Layihənin icrası zamanı xüsusilə böyük şəhərlərdə sosial şəbəkələrin və virtual mühitin təsir imkanları nəzərə alınacaq. Bu istiqamətdə uşaqlar və gənclər arasında milli dəyərlərin, ailə modelinin təbliği gücləndiriləcək, cəmiyyət tərəfindən qəbul olunmayan və zərərli sayılan yaşam tərzlərinin qarşısının alınmasına yönəlik maarifləndirici tədbirlər keçiriləcək.
“Ziyalı Ocağı” İctimai Birliyindən bildirilib ki, milli dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi, gənclərin sağlam düşüncəli, möhkəm əqidəli və vətənpərvər ruhda yetişdirilməsi əsas prioritetlərdəndir. Bu məqsədlə layihə çərçivəsində silsilə maarifləndirici görüşlər təşkil olunacaq, məqalələr hazırlanacaq.
Sentyabrın 1-dən start götürən layihə 2025-ci ilin oktyabr ayının 31-dək davam edəcək.