Azərbaycan Radiosunun binasında yaxın günlərdə söküntü işləri aparılacaq. Məlumata görə, bu proses radionun fəaliyyətinə təsir göstərməyəcək. Əməkdaşlar işlərini müvəqqəti olaraq Azərbaycan Televiziyasının (AzTV) binasında davam etdirəcəklər.
“Tehsil365” xəbər verir ki, AzTV-nin Mətbuat Xidməti faktı təsdiqləyərək bildirib ki, söküntüdən sonra yeni binanın təməlqoyma mərasimi keçiriləcək və inşaat işlərinə başlanılacaq:
“Azərbaycan Radiosunun yeni binasının neçə mərtəbədən ibarət olacağı hələ dəqiqləşməyib. Bu, gələcəkdə yaranacaq situasiya və əməkdaşların sayına görə müəyyən ediləcək”, – deyə qurumdan bildirilib.
Yeni binanın tikintisinin radionun texniki imkanlarını daha da gücləndirəcəyi və müasir tələblərə cavab verəcəyi gözlənilir.