Dünən BMT-nin Əsas Məşvərətçi statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) yaranmasının 33 ili tamam oldu.
“Tehsil365” xəbər verir ki, 1992-ci il sentyabrın 4-də dövlət qeydiyyatına alınan BAMF ötən illər ərzində Azərbaycanın ictimai həyatında və beynəlxalq platformalarda mühüm fəaliyyətlər həyata keçirib. Media və vətəndaş cəmiyyətinin inkişafı, qaçqın və məcburi köçkünlərin problemlərinin diqqətdə saxlanılması, sülh təşəbbüsləri, təhsil və sosial-humanitar layihələr Fondun əsas fəaliyyət istiqamətləridir.
Təşkilat xüsusilə BMT-nin Cenevrə, Nyu-York və Vyana ofislərində Azərbaycanın tarixi reallıqlarını dünyaya çatdırmaq üçün silsilə tədbirlər və paralel sessiyalar təşkil etməklə beynəlxalq müstəvidə mühüm rol oynayıb.
BAMF həmçinin müharibədən zərərçəkmiş və işğaldan azad olunmuş ərazilərə səfirlərin, diplomatların, jurnalistlərin və tələbələrin səfərlərinə şərait yaradıb, regionların inkişafına dəstək olan layihələr həyata keçirib.
Bu illər ərzində Fond BMT qurumları, Avropa Komissiyası, ABŞ Dövlət Departamenti, Dünya Bankı, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Jurnalistlər Federasiyası və digər nüfuzlu tərəfdaşlarla əməkdaşlıq edib.