Son illərdə sosial şəbəkələrin sürətli inkişafı jurnalistikanın ənənəvi çərçivələrini dəyişməyə başlayıb. Xəbərlərin daha tez yayılması, auditoriyanın birbaşa informasiya istehsalçısına çevrilməsi və medianın rəqabət şəraitinin sərtləşməsi yeni çağırışlar yaradıb. Ekspertlər bildirirlər ki, sosial şəbəkələr bir tərəfdən informasiyanın əlçatanlığını artırsa da, digər tərəfdən yalan xəbərlərin yayılma riskini yüksəldir.
Bu barədə "Tehsil365" saytına açıqlama verən Mətbuat Şurasında idarə heyətinin üzvü, jurnalist Yadigar Məmmədli sözügedən mövzunun indiki dövr üçün xüsusi aktuallıq kəsb etdiyini bildirib : " Əslində bu mövzu günümüzün ən aktual məsələlərindən biridir. Yeni media və sosial şəbəkələr təkcə gündəlik həyatımızda deyil, jurnalistikada da mühüm rol oynayır. Xüsusilə jurnalistikaya təsirləri daha güclüdür. İlk olaraq qeyd etmək lazımdır ki, yeni media və sosial şəbəkələr jurnalistikanın inkişafına xidmət edir, imkanlarını genişləndirir, informasiyanın ötürülməsi və qəbulu sürətini artırır".
O, sosial şəbəkələrin jurnalistikaya xeyri ilə yanaşı ziyanlarının da olduğunu nəzərə çatdırıb: "Lakin bununla yanaşı yeni medianın, yəni sosial şəbəkələrin yaratdığı müəyyən problemlər də mövcuddur. Bu problemlər içərisində dezinformasiya, saxta xəbərlər, insanların bilərəkdən və ya bilmədən linç edilməsi daha çox diqqət çəkir və təəssüf ki, gündəmi zəbt edir. Bu isə jurnalistikaya mənfi təsir göstərir.
Jurnalistikanın əsas peşəkarlığı isə məhz bu yalan məlumatların araşdırılmasında, onların saxta olduğunu üzə çıxarmaqda və həqiqətə əsaslanan xəbərlər hazırlamaqda özünü göstərir. Çünki insanlar ilkin yayılan saxta xəbərlərə daha tez inanırlar. Lakin müəyyən müddət keçdikdən sonra peşəkar jurnalistlərin hazırladığı ciddi xəbərlər ön plana çıxır və saxta xəbərlər arxa planda qalır ".
Sonda Y.Məmmədli bu baxımdan jurnalistikanın bu amillər qarşısında geri çəkilməməli olduğunu da vurğulayıb: "Ona görə də jurnalistika bu cür faktorlar qarşısında passiv mövqe tutmamalıdır.Əksinə, sosial şəbəkələrdə və yeni media mühitində etibarlı və ciddi xəbərlərin paylaşılması ilə saxta məlumatların yayılma imkanlarını məhdudlaşdırmaq mümkündür. Bizim əsas missiyamız da bundan ibarətdir ".
Ümumiləşdirsək, yeni media və sosial şəbəkələr bir tərəfdən informasiya mübadiləsini sürətləndirərək jurnalistikanın imkanlarını artırır, digər tərəfdən isə yanlış məlumatların və saxta xəbərlərin yayılmasına zəmin yaradır. Peşəkar jurnalistikanın əsas vəzifəsi bu cür yalan informasiyaları araşdırmaq, həqiqəti ortaya çıxarmaq və ictimaiyyətə düzgün məlumat çatdırmaqdır. Buna görə də jurnalistlər mövcud çətinliklər qarşısında passiv mövqe tutmamalı, əksinə, rəqəmsal platformalarda daha etibarlı və keyfiyyətli materialların yayılmasına üstünlük verməlidirlər. Bu, həm peşə prinsipi, həm də ictimai öhdəlik kimi qəbul edilməlidir.