Tələbələr fərqli ölkələrdə təhsil alanda həm biliklərini, həm də dünyagörüşlərini genişləndirirlər. İkili diplom proqramları onlara bu fürsəti təqdim edir.
İkili diplom proqramına qatılan tələbələr nə öyrənir? Və bu proqram tələbələrin şəxsi və peşə inkişafına necə təsir göstərir?
Təhsil ekspert Qoşqar Məhərrəmov "Tehsil365"ə açıqlmasında bildirib ki, ikili diplom proqramları əsasən bakalavr və magistr təhsilində olan tələbələrin bir semestr və ya bir illik xaricdə təhsilini əhatə edir:
"Bu proqramlar vasitəsilə tələbələr həm xarici universitetin, həm də Azərbaycanın ali məktəbinin diplomunu əldə edirlər. Mübadilə proqramı ilə ikili diplom proqramı arasında müəyyən fərqlər mövcuddur. Mübadilə proqramlarında tələbə yalnız bir semestr və ya bir il xaricdə təhsil alır, lakin həmin universitetdən diplom almır. İkili diplom proqramlarında isə bütün kurikulum və məzmun iki universitetin birgə əməkdaşlığı nəticəsində hazırlanır. Buna görə də tələbə ikili diplom proqramını bitirdikdə iki diplom əldə etmiş olur".
Ekspert bildirib ki, ikili diplom proqramlarında əsas məsələ xarici universitetdə keçirilən dərslərin yerli universitetdə keçirilən dərslərlə bir-birini tamamlamasıdır:
"Bu standartlar iki universitetin birgə əməkdaşlığı nəticəsində müəyyənləşdirilir. Beləliklə, tələbələr iki fərqli universitetin elmi bazasından faydalanmaq imkanı qazanırlar. Bu proqramlar həm tələbələrin, həm müəllimlərin, həm də universitetlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Tələbələr müxtəlif mədəniyyətlərlə tanış olur, fərqli alimlərlə əməkdaşlıq edirlər. Hazırda Azərbaycan universitetlərinin bir çoxunda ikili diplom proqramları mövcuddur: BMU, UFAZ, ADPU, ADA və s".
Beynəlxalq ikili diplom və mübadilə imkanları
45205.09.2025 - 10:50

