Radiotezliklər üzrə Dövlət Komissiyasının növbəti iclası keçirilib.
“Tehsil365” xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, iclasda gündəlikdə olan 18 müraciətə baxılaraq müvafiq qərarlar qəbul edilib. Onlardan 14-ü radiotezliklərin ayrılması, 4-ü isə yenidən rəsmiləşdirilmə ilə bağlı olub.
Müraciətlərin bir qismi radiorabitə, aviasiya, gəmiçilik və mobil rabitə üçün nəzərdə tutulmuş tezliklərlə bağlıdır. Qərarlara əsasən, həmçinin GNSS məlumatlarının ötürülməsi, Wi-Fi şəbəkələri, eləcə də radiolokasiya (Dopler radarı) üçün radiotezliklər ayrılıb.
İclasda, eyni zamanda, 172 radiotezlik resursu dövlət ehtiyatına geri qaytarılıb. Onlardan 8-i istifadəçilərin könüllü imtinası, 1-i müqavilə bağlanmaması, 163-ü isə öhdəliklərin yerinə yetirilməməsi və ödənişlərin aparılmaması səbəbindən geri alınıb.
Nazirlik qeyd edib ki, radiotezliklərin ayrılması və istifadəsi qaydaları Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir. Dövlət Komissiyasının Katibliyinə təşkilati işlərdə rəhbərliyi isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.