Çinin Yunnan əyalətinin paytaxtı Kunmin şəhərində Qlobal Cənub Media və Beyin Mərkəzləri Forumu öz işinə start verib. Tədbir Sinxua agentliyi, Çin Kommunist Partiyası Yunnan əyalət komitəsi və Yunnan əyalət hökumətinin birgə təşkilatçılığı ilə keçirilir.
“Tehsil365” xəbər verir ki, Foruma 110 ölkə və beynəlxalq təşkilatdan dövlət və hökumət rəsmiləri, alimlər, ekspertlər, tədqiqatçılar və jurnalistlər qatılıb. “Qlobal Cənubun gücləndirilməsi, qlobal dəyişikliyin yönləndirilməsi” devizi altında keçirilən müzakirələr 5 gün davam edəcək. İştirakçılar qlobal çağırışlara qarşı birgə həll yollarını və əməli layihələri müzakirə edəcəklər.
Açılış mərasimində çıxış edən Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Təbliğat departamentinin direktor müavini Hı Hepin, Sinxua agentliyinin prezidenti Fu Hua, Yunnan əyaləti partiya katibi Van Yubo və BMT Baş katibinin qlobal kommunikasiya məsələləri üzrə müavini Melissa Fleminq media və beyin mərkəzlərinin əməkdaşlığının sülh, inkişaf və dialoq üçün vacibliyini vurğulayıblar.
Forum çərçivəsində plenar iclaslarla yanaşı, 4-cü Yunnan Beynəlxalq Kommunikasiya, Süni İntellekt Texnologiyası və Media, Qlobal Cənub Beyin Mərkəzləri, Qlobal Cənub Gənclər Dialoqu və Qlobal Cənub Dünya İrs forumları keçiriləcək. Həmçinin Qlobal Cənub Birgə Kommunikasiya Tərəfdaşlığı Şəbəkəsi təsis olunacaq.