Müasir təhsil sistemində müəllimlərin şagirdlərlə işləyərkən seçdiyi motivasiya üsulları onların dərsə yanaşmasına, nizam-intizamına və ümumi davranışına birbaşa təsir göstərir. Psixoloqların fikrincə, şagirdlərin uğurlu və ya uğursuz davranış nümunələri çox vaxt müəllimlərin tətbiq etdiyi yanaşmalardan qaynaqlanır.
“Tehsil365” xəbər verir ki, aparılan araşdırmalara görə, müəllimlərin müsbət motivasiya üsullarından — şagirdləri həvəsləndirmək, əməkdaşlıq mühitini yaratmaq və fərdi yanaşmanı tətbiq etməkdən istifadə etməsi onların dərslərə marağını artırır. Əksinə, yalnız cəza və sərt intizam tədbirlərinə əsaslanan yanaşmalar şagirdlərdə psixoloji gərginlik yaradaraq öyrənmə prosesinə mənfi təsir göstərir.
Mütəxəssislərin qənaətinə görə, düzgün motivasiya üsullarının tətbiqi həm akademik nəticələri yaxşılaşdırır, həm də şagirdlərin sosial bacarıqlarının inkişafına şərait yaradır. Bu səbəbdən müəllimlərin pedaqoji fəaliyyətlərində motivasiya yanaşmalarına xüsusi önəm verilməsi vacib hesab olunur.