Son illərdə məktəblərdə şagirdlərin yaradıcılıq və ünsiyyət bacarıqlarını inkişaf etdirmək məqsədilə teatr dərslərinin təşkili genişlənməkdədir. Bu dərslər uşaqlarda nitqin aydınlığı, düzgün tələffüz və ifadəlilik kimi vacib keyfiyyətlərin formalaşmasına kömək edir. Teatr fəaliyyəti həm də şagirdlərin özünəinamını artırır və auditoriya qarşısında çıxış etmək bacarığını gücləndirir.
"Tehsil365" xəbər verir ki, aparılan müşahidələrə görə teatr dərslərində iştirak edən şagirdlər, özlərini daha sərbəst ifadə etməklə yanaşı, həm də ünsiyyət qurmaqda çətinlikləri daha asan aradan qaldırırlar. Təcrübəli müəllimlər bildirirlər ki, bu məşğələlər uşaqların gündəlik dərs fəaliyyətinə də müsbət təsir edir, çünki nitqi inkişaf etmiş şagirdlər dərslərdə fəallıq göstərir, daha çox müzakirələrə qoşulur və dərsi daha yaxşı mənimsəyirlər.
Mütəxəssislərin fikrincə, teatr dərsləri yalnız yaradıcı bacarıqları deyil, həm də sosial kompetensiyaları gücləndirir. Beləliklə, uşaqlar təkcə səhnədə deyil, gündəlik həyatda da daha inamlı danışmağı, fikirlərini əsaslandırmağı və qarşı tərəfi inandırmağı öyrənirlər. Bu səbəbdən də mütəxəssislər teatr dərslərinin məktəb proqramına daha geniş şəkildə inteqrasiya olunmasını zəruri hesab edirlər.