Son illərdə məktəblərdə şagirdlərin mütaliəyə marağını artırmaq üçün müxtəlif üsullar tətbiq olunur. Müəllimlər interaktiv oxu dərsləri, kitab müzakirələri və hekayə yazma tapşırıqları vasitəsilə uşaqlarda həm oxu sürətini, həm də mətnin mənasını anlama bacarığını inkişaf etdirməyə çalışırlar.
"Tehsil365" xəbər verir ki, aparılan müşahidələrə görə, mütaliə dərslərində şagirdlərin kitab qəhrəmanlarını canlandırması, rollu oyunlarla iştirak etməsi onların dərsə marağını artırır. Bundan başqa, məktəb kitabxanalarında oxu klublarının yaradılması və hər ay müəyyən mövzuda kitabların müzakirəsi də bu sahədə uğurlu nəticələr verir.
Mütəxəssislər hesab edirlər ki, şagirdlərdə oxu vərdişlərinin inkişafı yalnız dil və ədəbiyyat bilikləri ilə məhdudlaşmır. Bu bacarıq uşaqlara analitik düşünmə, hadisələri təhlil etmə və yaradıcı yanaşma qabiliyyəti qazandırır. Gələcəkdə onların akademik və peşəkar həyatında mütaliə vərdişləri mühüm rol oynayacaq.